Ordubada növbəti səyyar qəbul Kotam kəndində keçirildibackend

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən rayonun Kotam kəndində növbəti səyyar qəbul keçirilib. Qəbulda İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun xidmət sahələrinin rəhbərləri, kənd icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Qəbul zamanı çıxış edən Rəcəb Rəhimli bildirib ki, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində regionların, o cümlədən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf dinamikası ardıcıl və dayanıqlı xarakter daşıyır. Bu baxımdan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində muxtar respublikada infrastruktur layihələri genişləndirilir, kənd təsərrüfatının inkişafı, yeni iş yerlərinin yaradılması və əhalinin rifah halının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.

Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası çərçivəsində su təminatının yaxşılaşdırılması, meliorasiya və irriqasiya sistemlərinin müasirləşdirilməsi istiqamətində işlər görülür, Muxtar Respublikanın bir sıra kənd və qəsəbələrində, o cümlədən Ordubad rayonunun Xanağa, Ağrı, Dizə, Aşağı Əylis, Yuxarı Əylis, Azadkənd və Düylün kəndlərində subartezian quyularının qazılması nəzərdə tutulur. Qeyd olunub ki, bu tədbirlər xüsusilə kənd yaşayış məntəqələrində əkinçiliyin və bağçılığın inkişafına mühüm töhfə verəcək.  İcra başçısı çıxışında bu layihələr çərçivəsində Ordubad rayonu ilə bağlı müəyyən edilmiş inkişaf strategiyalarına toxunaraq bildirib ki, rayonun iqtisadi potensialının gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, şəhər və kənddaxili yol infrastrukturunun yenilənməsi, meliorasiya və su təsərrüfatının yaxşılaşdırılması, turizm imkanlarının genişləndirilməsi, sahibkarlığın və kənd təsərrüfatının inkişaf etdirilməsi əsas prioritetlərdəndir.

Eyni zamanda, regional nəqliyyat kommunikasiyalarının bərpası, xüsusilə Zəngəzur dəhlizinin strateji əhəmiyyəti çərçivəsində, Salamməlik stansiyası ərazisində dəmir yolu infrastrukturunun əsaslı şəkildə yenidən qurulması məqsədilə tikinti işlərinə başlanılması barədə məlumat verilib. Bildirilib ki, Ordubad rayonunun zəngin tarixi-mədəni irsinin qorunması və təbliği dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ordubad rayonunun Dövlət Tarix-Mədəniyyət Qoruğu elan olunması bölgənin tarixi simasının qorunmasına və turizm potensialının artırılmasına geniş imkanlar yaradıb. Rayon ərazisində yerləşən “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nin UNESCO-nun Dünya İrsinin ilkin siyahısına daxil edilməsi, həmçinin Ordubad şəhərinin İSESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil olunması beynəlxalq səviyyədə mədəni və təbii irsimizin tanıdılmasına xidmət etməklə Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə elan edilmiş 2026-cı il — “Şəhərsalma və Memarlıq İli”nə mühüm bir töhfə verəcəkdir.

Görüş zamanı sakinlər tərəfindən qaldırılan məşğulluq, kənddaxili bəzi yollarda təmir işlərinin aparılması, içməli və suvarma suyu ilə təminatın yaxşılaşdırılması,  kənd ərazisində dayanağın qoyulması, sosial xidmətlər, məşğulluq məsələləri, mağazanın tikintisi, yaşayış sahəsinin sənədləşdirilməsi, mərasim evinin təmir olunması ilə bağlı müraciətlərin bir qismi yerində həll edilib, həlli müəyyən vaxt tələb edən məsələlər isə aidiyyəti qurumlara yönləndirilib və icrası nəzarətə götürülüb.

Görüşün sonunda sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.