Ordubadda vətəndaşların müraciətləri diqqət mərkəzində saxlanılırbackend
Vətəndaş məmnunluğunun təmin edilməsi, mövcud problemlərin həlli və yerli əhalinin təkliflərinin dinlənilməsi məqsədilə, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən oktyabrın 10-da Azadkənddə səyyar qəbul keçirilib. Görüşdə Aza və Darkənd sakinləri ilə yanaşı Azadkənd sakinləri , İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qəbulun əvvəlində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan şanlı Zəfərin əhəmiyyətindən danışaraq bildirib ki, bu zəfərin əldə olunmasında şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı, eləcə də Ali Baş Komandan İlham Əliyevin liderlik amili və uzaqgörən siyasəti xüsusi rol oynayıb. Ölkə Prezidenti İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun qüdrəti sayəsində ölkəmizin ərazi bütövlüyü təmin edilib, uzun illər işğal altında qalmış torpaqlarımız azad olunub. Hazırda Qarabağvə Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təhlükəsiz şəkildə həyata keçirilir. Bu uğur həm xalq–dövlət–ordu birliyinin nəticəsidir, həm də Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin güclənməsinin əsas göstəricisidir.
Görüşdə Rəcəb Rəhimli Ordubad rayonunda həyata keçirilən sosial-iqtisadi və tarixi-mədəni layihələrdən də bəhs edib. Bildirib ki, Ordubad şəhər və kənddaxili yolların yenidən qurulması, ABAD (Ailə Biznesinə Asan Dəstək) layihəsi çərçivəsində müxtəlif sahələri əhatə edəcək kiçik və orta biznes subyektlərinin yaradılması istiqamətində mühüm addımlar atılır, eləcə də “Ərbabın iş yeri” tarixi binasında hazırda əsaslı təmir işlərinin aparılması həyata keçirilir.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Əsas müraciətlər məşğulluq imkanlarının artırılması, mülkiyyət hüququ, içməli və suvarma su problemlərinin həlli, elektrik naqillərinin dəyişdirilməsi, qaz xətlərinin yeraltından yerüstü şəbəkəyə keçirilməsi, heyvandarlıqla bağlı peyvəndlərin aparılması və profilaktik tədbirlərin görülməsi ilə bağlı olub.
Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara tapşırıqlar verilib, vaxt tələb edən müraciətlər isə nəzarətə götürülüb.
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
1
1
1
1
1
1
1
1
1
1