Vətəndaş məmnuniyyətinin təmin edilməsi, mövcud çətinliklərin yerindəcə araşdırılması, idarəetmədə çevikliyin artırılması məqsədilə Ordubad rayonunda həyata keçirilən səyyar görüşlər davam edir.
Növbəti görüş rayonun Kələki kəndində təşkil olunub. Qəbulda İcra Hakimiyyətinin əməkdaşları, rayonun aidiyyəti xidmət sahələrinin rəhbərləri, kənd icra nümayəndəsi , bələdiyyə sədri və yerli sakinlər iştirak ediblər.
Görüşdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında, o cümlədən Ordubad rayonunda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən danışıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının “2023-2027-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində atılan hər bir addım birbaşa vətəndaşların rifahının yüksəldilməsinə və müraciətlərin həllində çevikliyin təmin olunmasına xidmət edir.
Bu çərçivədə Ordubad rayonunda şəhər və kənddaxili yolların əsaslı təmiri və bərpası, içməli və suvarma suyu sistemlərinin yenidən qurulması, kənd təsərrüfatının stimullaşdırılması, mədən sənayesinin yenidən dirçəldilməsi, bölgənin turizm potensialının inkişaf etdirilməsi, məşğulluq məsələlərinin həll olunması istiqamətində həyata keçirilən layihələr və perspektivlər barədə məlumat verilib.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası çərçivəsində rayonun şəhər və kənd ərazilərində içməli və suvarma suyu təminatının əsaslı şəkildə yaxşılaşdırılmasının nəzərdə tutulduğu qeyd olunub.
Sakinlərin diqqətinə çatdırılıb ki, Ordubadın tarix-mədəniyyət abidələrinin qorunması və bərpası dövlətin xüsusi nəzarətindədir. “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması, həmçinin şəhərin ICESCO və UNESCO-nun ilkin siyahılarına daxil edilməsi onun tarixi şöhrətini yenidən bərpa edir və Ordubadı dünyanın maraq göstərdiyi cəlbedici bir turizm məkanına çevirir. Görüşdə regionun strateji layihəsi olan Zəngəzur dəhlizinin əhəmiyyəti xüsusi qeyd olunub. Bu çərçivədə Salamməlik stansiyası ərazisində dəmir yolu infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər barədə sakinlərə ətraflı məlumat verilib.
Görüşdə sakinlərin məşğulluq, gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün kənd ərazisində idman meydançasının tikintisi, sosial yardım təyin edilməsi, kənd daxili su kanalının təmir olunması, elektrik xəttinə maneə olan ağacların budanması və s. ilə bağlı qaldırılan müraciət və təkliflərin bir qismi yerində həll edilib, həlli müəyyən vaxt tələb edən məsələlərin operativ həlli üçün aidiyyəti qurumlara konkret tapşırıqlar verilərək nəzarətə götürülüb.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
















