Otuz il dövlətçiliyin keşiyindəbackend

2022-ci il noyabr ayının 21-də Azərbaycan Respublikasının aparıcı ideoloji qüvvəsi olan Yeni Azərbaycan Partiyasının 30-cü il dönümü tamamlanır. 30 illik zaman dönəmi dövlətimiz üçün taleyüklü hadisələrlə zəngindir və bu hadisələr ölkəmizin bir dövlət kimi mövcudluğunu müəyyən edərək, onun gələcək talehində bir dönüş yaratmışdır. Bu dönüş hadisələrin başlanğıcı Yeni Azərbaycan Partiyası və onun dahi ideoloqu Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan Respublikasının tarixi səhnəsində yeni bir siyasi qüvvənin yaranması ölkədə mövcud mürəkkəb ictimai – siyasi vəziyyətdən irəli gəlmişdir. Səriştəsiz hakimiyyətin böhranlı davranışının nəticəsi ölkədə siyası qarşıdurmaya səbəb olmuş, vətəndaş müharibəsinin yaranması təhlükəsi meydana gətirmişdir. Bundan əlavə torpaqlarımızın itirilməsi, gənc respublikanın yeni əldə edilmiş suverenliyinin kövrək səviyyədə olması, dövlətin parçalanması və məhv olma təhlükəsi respublikada acı reallıq təşkil edən mənzərə idi. Dövlətimizin son dərəcədə çətin və kritik məqamında ölkəsinin gələcəyini düşünən, doğma xalqının taleyinə biganə qalmayan ziyalılar, məmləkətlərini uçurumdan xilas etmək məqsədi ilə xalqın sınanmış Liderinə – Heydər Əliyevə tarixi müraciət etmişdilər. 1992-ci il noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev bu təşkilatın sədri seçildi.

Otuz illik zaman məsafəsindən bu tarixi hadisənin önəmi daha da artır, mühümlüyü daha çox dərk edilir. Xalqın taleyində, bir dövlətin siyasi subyekt kimi var olmasında və ümumilikdə xalqın ekzistensional mövcudluğunda Dahi Şəxsiyyətin əvəzolunmaz rolu, onun liderlik fenomeni qabarıq şəkildə özünü göstərir.

Dahi Liderimizin ziyalıların müraciətinə cavabında, respublikanın acinacaqlı vəziyyətini dəyərləndirərək, ona xas olan  praqmatiklik ilə Azərbaycan dövlətinin milli sərvəti olan müstəqilliyinin möhkəmləndirilməsinin, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılmasının beş əsas vəzifəsini formalaşdırmışdır:

  • Azərbaycanın müharibə vəziyyətindən çıxması və Qarabağ probleminin tezliklə həll etməsi;
  • Azərbaycanın sosial-iqtisadi potensialının gücləndirilməsi, iqtisadi proqram və strateqiyanın işlənməsi;
  • kadr siyasətinin kəskin surətdə zəifliyini nəzərə alaraq, ciddi kadr islahatların aparılması;
  • qanun əlilliyinin təmin edilməsi yolunda hüquqi dövlətin qurulması, siyasi plüralizm, insan azadlığının təmin olunması;
  • Azərbaycanın parçalanmasına yönəlmiş meyillərin qarşısının alınması, vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub saxlanması.

Bu vəzifələr Azərbaycanın xilasetmə xəritəsi idi, eyni zamanda Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayağı olaraq, təşkilatın proqramında da öz əksini tapmışdır. Ümummilli Liderimiz analitik dühası və dəmir iradəsinin hesabına bütün varlığı ilə sevdiyi doğma məmləkətini böyük bəlalardan qurtarmağa nail oldu.

Dövrün sosial sifarişi və xalqın tələbi əsasında yaranan Yeni Azərbaycan Partiyası xalqın dəstəyinə söykənərək, qısa bir zaman kəsiyində həm say amili, həm də mühüm xidmətlər göstərərək iqtidar qüvvəyə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin bəsirətliyi və peyğəmbərlik keyfiyyətləri ilə Partiya dünənin, bu günün, gələcəyin partiyası oldu.

Otuz ildir ki, Partiya Azərbaycan xalqına, dövlətimizə xidmət edir və bu gün biz Yeni Azərbaycan Partiyasının gücü, qüdrəti, nüfuzu haqqında danışarkən partiyanın təməl prinsiplərinin olduqca sağlam əsaslara söykəndiyini qeyd etməliyik. Bunlar dövlətçilik, siyasi sabitlik, demokratiya və sosial ədalətdir, hansı ki, bu gün cəmiyyətimizdə qəbul edilərək, bütün xalq tərəfindən dəstəklənir. Partiyanın fəalliyətinin sağlam təməllər əsasında qurulmasının nəticəsidir ki, Yeni Azərbaycan Partiyası illər ərzində hakim partiya kimi mövqeni qoruyub saxlayır və bu da təbii haldır ki, ölkədəki vəziyyətə, daxili və xarici siyasətin mükəmməlliyinə, əhalinin rifahi durumuna, insanların hüquq və haqlarının, azadlıq və təhlükəsizliyinin təmin olunmasına cavabdehlik edir, Azərbaycan xalqının qarşısında böyük məsulliyyət daşıyır.

Yeni Azərbaycan Partiyasının təsis olunması Azərbaycan tarixində cəmiyyətimizin bütün sahələrini əhatə edən köklü dəyişikliklər, inkişafa yönəlmiş hadisələrlə bağlı yeni səhifələr yazdı. Partiyanın yaradılması və Heydər Əliyevin təşkilata sədr seçilməsi ilə gənc respublikanın müqəddəratı müəyyən edilmiş, tərəqqiyə doğru addımlar atılmışdır. Azərbaycan Respublikasının taleyində yeni bir dövr başladı və bu dövr Ümummilli Lider Heydər Əliyevin siyasi ideyalarının işığından keçərək, mükəmməl dövlətçilik konsepsiyasının həyata keçirilməsi dövrü idi. «Qısa bir müddət ərzində biz Avropa təcrübəsinə əsaslanaraq çox şeyə nail ola bildik. Biz bütün çətinliklərə baxmayaraq liberal iqtisadiyyət və sivil cəmiyyət quruculuğu yolu ilə irəlilədik. Biz insan haqların qorunmasıını önə çəkdik, vətənimizin və vətəndaşlarımızın totalitarizm dövrünün ağır irsindən xilas olmasına çalışdıq. Biz demokratiyanın inkişafı üçün mühüm şərtlərdən olan daxili sabitliyə nail olduq. Biz azad söz, azad mətbuat və çoxpartiyalı siyasi sistem yaratdıq» sağlığında görülən işləri dəyərləndirən qurucu Liderimiz demişdir.

Müzəffər Prezidentimiz İlham Əliyevin bu gün Ulu Öndərin müəyyən etdiyi siyasi kursa sadiq olduğu kimi, taleyini də Yeni Azərbaycan Partiyası ilə bağlamışdır. Prezident İlham Əliyev 1999-cü ildə Yeni Azərbaycan Partiyası sədr müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildən isə partiyanın sədri seçilərək, Ümummilli Lider Heydər Əliyevin siyasətini mükəmməliklə davam etdirir. Ulu Öndərimizin milli dövlətçilik konsepsiyasının, onun siyasi məktəbinin öncül prinsiplərinə sədaqətlə yanaşan cənab İlham Əliyev bu gün Azərbaycan dövlətinin beynəlxalq aləmdə yeni statusa malik olan dövlət kimi – regionun ən güclü  dövləti kimi, Azərbaycan xalqını isə – Qalib xalqı kimi dünyaya yenidən tanıtmışdır. Cənab Prezidentimizin Heydər Əliyevin siyasi kursuna sadiqliyi, onun siyasi, diplomatik istedadı, rəşadətli sərkərdəlik keyfiyyətləri, intellektual imkanları onu həm Yeni Azərbaycan Partiyasının liderinə və dünyada ən güclü Liderlərin birinə çevirmişdir.

Beləliklə, bu gün 30 yaşını qeyd edən Yeni Azərbaycan Partiyası çox güclü, mütəşşəkil, 800 minə yaxın üzvü ətrafında birləşdirən, cəmiyyətdə böyük nüfuza malik olan siyasi qüvvədir. Respublikanın ictimai-siyasi həyatında özünəməxsus yeri və rolu olan təşkilatın beynəlxalq ictimai-siyasi sistemdə də özünəməxsus statusu mövcuddur. Geniş əməkdaşlıq prinsipi əsasında fəaliyyətini quran Yeni Azərbaycan Partiyası dünya siyasi arenasında güclü dövlətlərin aparıcı siyasi partiyaları ilə sıx əlaqələr qurmuş, dövlətlərarası konstruktiv əməkdaşlığın qurulmasında böyük töhfələr vermişdir. Yaxın günlərdə İstanbul şəhərində keçirilən 31 ölkədən 69 partiyanın təmsil olunduğu Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının 11-ci Baş Assambleyasında uğurla iştirak etmiş Yeni Azərbaycan Partiyası da dünyamızda sülh, rifah və əməkdaşlığın gücləndirməsi ilə bağlı məsələrin müzakirəsində töhfəli çıxışlar etmişdir.

Yeni Azərbaycan Partiyası üçün milli birliyin, həmrəyliyin  möhkəmləndirilməsində, azərbaycançılıq ideologiyasının milli birliyinin təməl amilinə çevrilməsi ümdə məsələrdən biridir. «Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq apaıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik» – deyən Ümummilli Lider, xalqımız, nəsillər üçün “güclü olmaq” düsturunu təqdim etmişdir.

Ulu Öndər Heydər Əliyevin siyasi varisi Müzəffər Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının respublikamızın ictimai-siyasi həyatında müstəsna rolunu vurğulayaraq qeyd etmişdir: «Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm, əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik».

Yeni Azərbaycan Partiyasının VII Qurultayında  Partiyanın sədri İlham Əliyev öz nitqində qeyd etmişdir ki, İkinci Qarabağ müharibəsinin nəticələri bölgədə yeni reallıqların yaradılması ilə ölkəmizin yeni dövrə qədəm qoyması üçün geniş imkanlar meydana gətirdi və bu reallıqlar partiyanın yeniləşmiş formatda ölkə qarşısında duran problemlərin həllində daha fəal olması məsələsini aktuallaşdırdı. Qurultayda cənab Prezident partiyanın gələcək hədəflərindən danışarkən, onun ölkəmizin ictimai-siyasi həyatında özünəməxsus rolunu bir daha vurğulamış, partiyanın bundan sonra da aparıcı siyasi qüvvə və ölkəmizdə gedən proseslərin mərkəzində olmasını bəyan etmişdir.

Yeni Azərbaycan Partiyası Nəsimi rayonunun Bakı Slavyan Universiteti ərazi təşkilatının

sədri dosent Sevinc Axundova