Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və 10 oktyabr 2025-ci il tarixindən etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib.
İctimai.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, ölkə ərazisində alim-mütəxəssislərlə birgə quş və məməli heyvanların mütəmadi monitorinqi aparılır. Monitorinqlərin nəticəsinə görə, son illər qlobal iqlim dəyişikliyi və Xəzər dənizində su səviyyəsinin enməsi quşların ənənəvi toplaşma, istirahət, qidalanma, qışlama yerlərinin və miqrasiya marşrutlarının dəyişməsinə səbəb olub.
“Bu səbəbdən Ov Məsələləri üzrə Koordinasiya Şurasının iclasında ov mövsümünün 1 dekabr 2025-ci il tarixinədək açıq elan olunmasına və təbiətdə baş verən proseslərin dinamikasının izlənilməsinə qərar verilib”.
A.Babayevanın sözlərinə görə, monitorinqlərin nəticəsindən asılı olaraq ov mövsümünün müddətinin uzadılıb-uzadılmaması məsələsinə növbəti aylarda baxılacaq. Ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib.
“Ov mövsümündə vətəndaşları qanunlara riayət etməyə və qanunsuz ov hallarına yol verməməyə çağırırıq”.