Parlament əlillik təyinatı ilə bağlı qanunlara dəyişiklikləri təsdiqlədibackend

Milli Məclisin bu gün keçirilən iclasında əlillik meyarlarının müəyyən olunması ilə bağlı 60 qanuna dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

İctimai.az-ın məlumatına görə, müzakirələrdən sonra sənədlər səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, dəyişikliklər 2018-ci ildə qəbul edilən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun və onun tətbiqi ilə bağlı Azərbaycan Prezidentinin fərmanının icrası ilə əlaqədardır.

Dəyişikliklərdə əsas məsələ şəxsin əlilliyinin dəqiq müəyyən olunması və sağlamlığının qalan imkanlarının düzgün qiymətləndirilərək onun reabilitasiya potensialının müəyyənləşdirilməsidir.

Dəyişikliklərə əsasən “əlillik dərəcəsi” sözlərinin “insan orqanizminin funksiyalarının itirilməsi faizi” sözləri ilə, “I, II və III dərəcə” sözlərinin “orqanizminin funksiyalarını 31-100 faiz itirmiş” sözləri ilə, “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözlərinin “18 yaşınadək əlilliyi olan şəxslər” sözləri ilə əvəzlənib.

Milli Məclisin iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev əlilliyin təyin olunması ilə bağlı 60 qanuna edilən dəyişikliyi üçüncü oxunuşda şərh edib.

M.Quliyev bildirib ki, əlilliyin orqanizmin funksiyasının pozulmasına görə qiymətləndirilməsi zamanı meyarların cədvəlində olan xəstəliyə uyğun əlillik təyin olunacaq.

O məsələni belə izah edib:

“Məsələn, tək böyrəyin zədələnməsi xroniki böyrək çatışmazlığı 80 faiz əlillik kimi qiymətləndirilir. Dərəcələr arasındakı qiymətləndirmə 1 faiz aralığı ilə deyil, 5 faiz aralığı ilə differensiallaşdırılacaq”.

Deputat bildirib ki, dəyişikliklərin 1 iyul 2022-ci il tarixindən qüvvəyə minməsi gözlənilir.

Bundan əvvəlki layihələrin mətnində isə dəyişikliklərin 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulmuşdu.