Politoloq: Azərbaycan Ordusu istənilən təxribata cavab vermək iqtidarındadırbackend

2020-ci ildə 44 günlük müharibədə sarsıdıcı zərbələr alan və noyabrın 10-da üçtərəfli Bəyanatı imzalayan Ermənistanın dərhal iki dövlət sərhədinin demarkasiya və delimitasiyasının aparılmasına başlaması, otuz ilə yaxın müddətdə ərazisinin 20 faizini işğal altında saxladığı Azərbaycanla sülh müqaviləsini imzalaması gözlənilirdi. Lakin hadisələrin sonrakı gedişatı göstərdi ki, Ermənistan vətəndaşlarından “etimad mandatı” alan Paşinyan və onun komandası hələ də “Qarabağ məsələsi”nin kompleksini yaşamaqdadır. Son günlər Ermənistanla sərhəddə yerləşən Daşkəsən, Kəlbəcər, Laçın rayonları istiqamətində erməni silahlı qüvvələrinin diversiya hərəkətləri nəticəsində başlayan lokal döyüşlərə bu kontekstdən yanaşmaq lazımdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri politoloq Fuad Heydər bildirib.

Politoloq qeyd edib ki, postmüharibə dövrünün müxtəlif zamanlarında istər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, istərsə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşlərində əldə olunan razılaşmaların pozulmasını şərtləndirən amillər Ermənistan tərəfinin mövcud reallıqlara destruktiv mövqedən yanaşmasıdır. İlk baxışda demək olar ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq sülh müqaviləsini imzalaması üçün heç bir maneə yoxdur. Rəsmi İrəvanın dünya ictimaiyyətini inandırmağa çalışdığı “cəmiyyəti hazırlamaq” üçün seytnot situasiyası da aradan qaldırılmış kimi görünür. Ən azından, 2021-ci ilin yayında keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri, müharibədən məğlub çıxmış Paşinyanın rəhbərlik etdiyi seçki blokuna – “Vətəndaş müqaviləsi”nə verilən səslər bunu deməyə əsas verir.

Paşinyanın sülh müqaviləsi imzalamasına marginal müxalifətin maneə yaradacaq imkanının olmadığını vurğulayan politoloq hansısa bəhanə olmadığını əsaslandırmaq üçün onun Milli Məclisdə səsləndirdiyi fikirləri xatırladır: “Köhnə xəritələri qarşınıza qoyun və oradakı kənd adlarını oxuyaraq özünüz nəticə çıxarın”.

Bu il sentyabrın 12-də erməni diversiya qruplarının Azərbaycanın dövlət sərhədini pozaraq təxribatlar törətməsini də rəsmi İrəvanın oynadığı “qanlı oyun” adlandıran Fuad Heydər qarşı tərəfin təxribatını “nəbz yoxlaması” adlandırsa da, belə “yoxlamalar”ın niyə əvvəlcədən uğursuzluğa məhkum edildiyini göstərərək baş verənləri 2020-ci ilin yayındakı Tovuz hadisələri ilə müqayisə edir. “Müzəffər Ali Baş Komandanın “Düşmən sülhə gəlməzsə, “Dəmir yumruq” yerindədir” xəbərdarlığından dərs çıxarmayan işğalçı erməni ordusu növbəti dəfə Azərbaycan əsgərinin gücünə şahidlik etdi. Belə ki, Azərbaycan Ordusu hər dəfə olduğu kimi, bu dəfə də Ermənistanın təxribatlarına cavab olaraq, üzərinə düşən vəzifələri qısa zamanda və peşəkarlıqla yerinə yetirdi. Ermənistanın hərbi mövqeləri şəxsi heyətlə birlikdə məhv edildi. Silahlı Qüvvələrimiz ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürdü. Keçirilən əməliyyat miqyasına görə kiçikdir, lokal xarakter daşıyır, lakin böyük hədəflərə nail olundu”, – deyə politoloq qeyd edib.

Ermənistanın sərhəddə törətdiyi təxribatların yalnız sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiya prosesinin uzadılmasına hesablandığını bildirən politoloq Brüssel görüşündən sonra sülh sazişinin bağlanması istiqamətində işlərin sürətlənəcəyi halda Ermənistan tərəfindən belə addımların atılmasını müqaviləni bağlamaqdan yayınmaq və ya gecikdirmək istəyindən başqa bir şey olmadığını deyib. Qeyd edib ki, bu, bir daha Ermənistanın təcavüzkar dövlət olduğunu təsdiqləyir. Ancaq bütün bunlara baxmayaraq, Ermənistan gec-tez sülh sazişi bağlamaq məcburiyyətində qalacaq.