Rəqəmsal Texnologiyalar Nazirinin müavini Dariusz Standerski Financial Times-a verdiyi müsahibədə Polşanın xəstəxanalar və su sistemləri də daxil olmaqla kritik infrastruktura gündəlik onlarla kiberhücumlarla üzləşdiyini, Varşavanın Rusiya hakerlərini günahlandırdığını bildirib.
Standerskinin sözlərinə görə, Rusiya ilə davam edən gərginlik fonunda Polşa xəstəxanaları və kommunal xidmətlər gündə 20-50 kiberhücuma məruz qalır. Əksəriyyəti uğurla dəf edilsə də, “əsasən” xəstəxanaları hədəf alan bəzi hadisələr tibb müəssisələrinin müvəqqəti bağlanması və tibbi məlumatların oğurlanması ilə nəticələnib.
Artan təhlükəyə cavab olaraq, Polşa kibertəhlükəsizlik üçün maliyyələşdirməni əhəmiyyətli dərəcədə artırır, keçən il 600 milyon avrodan 2025-ci ildə görünməmiş 1 milyard avro ayırmağı planlaşdırır. Varşava rəsmiləri iddia edirlər ki, Polşa Rusiya kiberhücumlarının Avropa İttifaqında əsas hədəfidir, baxmayaraq ki, ölkə bu cəhdlərin təxminən 99%-ni dəf edə bilir.