Polşa təxribatda şübhəli bilinən rusiyalının deportasiya edildiyini bildiribbackend

“Sabotaj aktlarını əlaqələndirməkdə” şübhəli bilinən Rusiya vətəndaşı Bosniya və Herseqovinadan Polşaya deportasiya edilib.

Bu barədə Polşanın baş naziri Donald Tusk X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Tusk qeyd edib ki, rusiyalı “Polşa, ABŞ və digər müttəfiqlərə qarşı yönəlmiş təxribat aktlarını əlaqələndirməkdə” ittiham olunur. Onun sözlərinə görə, həmin şəxs Bosniya və Herseqovinada gizlənib. Baş nazir əlavə edib ki, Polşaya deportasiya edildikdən sonra məhkəmə tərəfindən həbs edilib.

Yanvarın 10-da Polşada 18 yaşlı Kanada vətəndaşının Rusiya kəşfiyyatına işlədiyi iddiası ilə 8 aylıq həbs cəzası verildiyi bildirilib. Polşa prokurorluğundan verilən açıqlamaya görə, kanadalının Donetskdə xidmətə götürüldüyü və ona Polşanın hərbi potensialı və Polşa ordusunda xidmət edən kadrlar haqqında məlumatların toplanması və Rusiya kəşfiyyat orqanlarına ötürülməsi tapşırığı verildiyi iddia edilir.