Polşa Ukraynaya məxsus raket və dron texnologiyası müqabilində istismardan çıxarılan MiQ-29 döyüş təyyarələrini Ukraynaya ötürmək istəyir.
Bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Qərargahının X sosial media platformasında yaydığı bəyanatda deyilir.
“MiQ-29 təyyarələrinin təhvil verilməsi ilə bağlı Ukrayna tərəfi ilə danışıqlar davam edir”, – məlumatda deyilir.
Bəyanatda izah edilib ki, qırıcı təyyarələrin təhvil verilməsi onların təyin olunmuş xidmət müddətinə çatması ilə əlaqədardır və onların Polşa ordusunda daha da modernləşdirilməsi perspektivləri yoxdur. Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı vurğulayıb ki, bu addım Ukraynanın müttəfiqlərinin ölkəyə dəstək və təhlükəsizliyini təmin etmək məqsədi daşıyan siyasətinin tərkib hissəsidir. Polşada istismardan çıxarılan MiQ-29-ların F-16 və FA-50 təyyarələri ilə əvəzlənəcəyi gözlənilir.
Bundan əlavə, Varşava və Kiyev Ukraynaya pilotsuz təyyarələrin və raketlərin verilməsi ilə bağlı danışıqlar aparır. Ancaq konkret növlər göstərilməyib. Silahların çatdırılma vaxtı da məlum deyil.













