Prezident və Birinci xanımın bu ərazilərə səfəri bura həyatın qayıtmasını simvolizə edir – Şahin İsmayılovbackend

Şanlı qələbəmiz ilə başa çatan 44 günlük Vətən müharibəsindən bir il keçən bu günlərdə olduqca qürurlu hadisələrin şahidi oluruq. Dünya hərb tarixində özünəməxsus iz qoyan Vətən müharibəsi bitməmiş böyük qayıdışdan xəbər verən layihələrin icrasına başlandı. İndi isə işğaldan azad edilən ərazilərdə abadlıq-quruculuq işləri sürətlə aparılır. Hər bir azərbaycanlının Prezidenti olan Müzəffər Ali Baş Komandanın tapşırığı ilə sürətli şəkildə həyata keçirilən yenidənqurma işləri öz doğma yurdlarından ayrı düşən məcburi köçkünlərin 30 illik vətən həsrətinə son qoyulandan qısa zamanda burada yaşaması üçün hər cür şəraitin yaradılmasına hesablanıb. Prezident və Birinci xanımın hər dəfə işğaldan azad edilən torpaqlara gələrək burada açılış və təməlqoyma mərasimlərini reallaşdırmasını ölkə olaraq qürurla izləyirik.

İctimai.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Füzuliyə səfərindən bəhs edərkən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

Deputat qeyd edib ki, Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanı müharibədən 1 il keçməmiş istifadəyə verildi. Bu və böyük qayıdış üçün görülən bütün digər işlər ölkəmizin güclü iqtisadi imkanlara malik olmasının göstəricisidir. Görülən işlər öz növbəsində bütün dünyaya bəyan edir ki, Azərbaycan dövləti bu torpaqların əsl sahibi olaraq işğaldan azad edilmiş ərazilərimizi çiçəkləndirir. Biz görülən işlər və gələcək planlara baxdıqda onu görürük ki, əzəli torpaqlarımızda insanların rahat şəkildə yaşaması üçün hər cür şərait yaradılır. Prezident və Birinci xanımın bu ərazilərə səfəri bura həyatın qayıtmasını simvolizə edir.

Şahin İsmayılov əlavə edib ki, oktyabrın 17-də, məhz Füzuli şəhəri və rayonun bir neçə kəndinin işğaldan azad edilməsinin ildönümündə möhtərəm Prezident və Birinci xanım rayon ictimaiyyəti ilə görüşərkən Füzulinin inkişafı və qədim şəhərimizin yenidən dirçəlməsi üçün hədəfləri açıqladı: Burada ən müasir texnologiyalar tətbiq edilməklə geniş abadlıq-quruculuq işləri aparılacaq. “Ağıllı kənd” konsepsiyası əsasında yaşayış məntəqəsi, İşğal muzeyi, Memorial Kompleks, Zəfər parkı, Bayraq meydanı və bir sıra digər layihələr icra olunacaq. Baxmayaraq ki, Füzuli işğal dövründə düşmən tərəfindən viran qoyulub və burada 100 mindən çox mina basdırılıb burada infrastruktur layihələri uğurla icra edilir.