“Prezidentin toxunduğu məsələlərin hər biri böyük əhəmiyyət kəsb edir” – Şahin İsmayılovbackend

Prezident İlham Əliyevin aprelin 29-da keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda söylədiyi nitqi özündə bir çox vacib mesajları ehtiva edirdi. Onun toxunduğu məsələlərin hər biri böyük əhəmiyyət kəsb edir.

İctimai.az xəbər verir ki, bu sözləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov Prezident İlham Əliyevin cari ilin 29 aprel tarixində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda çıxışı ilə bağlı danışarkən deyib.

Deputat deyib ki, qalib dövlətin müzəffər Ali Baş Komandanı çıxışında erməni vandalizminin təzahürləri, Şuşa Bəyannaməsi, postmüharibə dövründə sülh müqaviləsi ilə bağlı görülən işlər, Azərbaycan tərəfindən Qafqazda sülh gündəliyinin təbliği, Qarabağda yaşayan ermənilərin vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edəcəkləri, yeni enerji layihələri, beynəlxalq təşkilatların fəaliyyəti, güclü ordunun dövlət siyasətinin hər zaman əsas prioriteti olması, Ermənistan diasporunun Fransada insanların beyinlərinə mənfi təsir etməsi, multikulturalizm, iqtisadiyyatımızın günbəgün güclənməsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər, Avropa İttifaqının ölkəmiz üçün çox önəmli tərəfdaş olması, yeni idarəçilik modelinin sınaqdan keçirilməsi və bir sıra digər məsələlərlə bağlı fikir səsləndirdi. Dövlət başçısının səsləndirdiyi fikirlər onun qətiyyətli mövqeyinin göstəricisi olmaqla xalqımızın və beynəlxalq ictimaiyyətin yeni reallıqlarla bağlı məlumatlandırılmasına hesablanmış diplomatik gedişdir.

YAP İdarə Heyətinin üzvü əlavə edib ki, ölkəmizin regionda söz sahibi olması, Azərbaycan Prezidentinin regionda baş verən hadisələlərə müsbət təsiri, onun sülhün təbliğatçısı kimi missiyası hər kəsə bəllidir.