Qalibiyyət Lideri! – Qənirə Paşayevabackend

Qalibiyyət Lideri!
(Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva)
XX yüzilliyin 20-ci ilini başa vurmaqdayıq. İl sonlarında, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bir-birimizi təbrik edərkən işlətdiyimiz cümlələr 30 ilə yaxındı eyni məzmunlu olurdu: “Arzu edirəm, gələn bayramı, yeni ili Şuşada qarşılayaq”! Bu il bu arzumuz çin olub, inamımız doğrulub. – Bu inamı bizə bəxş edən Müzəffər Ali Baş Komandanımız başda olmaqla Azərbaycan Silahlı Qüvvələridir! Cənab Ali Baş Komandana çox minnətdarıq! Uzun illərin həsrətinə son qoyuldu. Xalqın inamı özünə qayıtdı. Generallarımız, zabitlərimiz, əsgərlərimiz, məcburi köçkünlərimiz, ev-eşiyi dağılmış mülki əhali – bir sözlə, qədirbilən xalqımız İlham Əliyevin dövlət və siyasət xadimi, ölkə rəhbəri olaraq, necə gərgin işlədiyini Vətən Müharibəsində bir daha gördü. Cənab Prezidentin özəlliklə şəhid ailələri, yaralı hərbçilərimizlə bağlı diqqət-qayğısı bir örnək təşkil edir. İlham Əliyevin dövlət idarəetmə məktəbi, ustad diplomatiya dərsləri, dövlət-xalq birliyinin təntənəsini yaşatması 44 gün içində xüsusilə parlaq şəkildə özünü göstərdi.
44 günü niyə qabardıram?
Birincisi ona görə ki, o, 44 gündə əldə etdiyimiz uğura gələn yol vardı – illərin zəhməti vardı o möhtəşəm günlərdə. Məqsədyönlü siyasətin, o cümlədən iqtisadi siyasətin, beynəlxalq siyasətin, ordu quruculuğunun, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinin nəticələri iştirak edib 44 günlük Vətən Müharibəsində…
İkincisi, biz o günlərdə verdiyimiz mücadilə nəticəsində böyük bir tarixi sınaqdan keçdik və zəfər qazandıq.
Üçüncüsü, dünyanın düz vaxtı, qərar qəbul etmək, rəhbərlik etməklə müharibə dövründə dövlətə rəhbərlik etmək eyni tutula bilməz.
Dördüncüsü, 44 gün 44 günün özündə qalmayıb, öz nəticələri ilə böyük sabahımızı şəkiləndirir, bugünümüzdə iştirak edir, gələcəyimizdə iştirak edəcək. Demək, əldə edilmiş nəticələrin qorunması, uğurların davam və inkişaf etdirilməsi əsas mövzudur. Və bütün bu amillərdən danışarkən məhz Ali Baş Komandanın titanik səylərini minnətdarlıqla vurğulayırıq. Xalqa Müraciətlər, “twit”lər, xarici media orqanlarına hadisə kimi müsahibələr, diplomatik görüşlər, saysız-hesabsız telefon zəngləri və s… – Bizim nəsil 44 gün içində 44 ilin miqyasında hadisələrin şahidi, iştirakçısı oldu. Bu günləri bizə yaşadan Tanrımıza şükürlər olsun!
Çəkinmədən deyirik, dövlətə İlham Əliyev kimi dünya miqyaslı siyasi və dövlət xadiminin başçılıq etməsi, hərb meydanında da, siyasi-dilopmatik meydanda da qələbələrimizin rəhnidir, özüdür. Dost da, düşmən də bir daha gördü ki, Azərbaycanın müstəqil xarici siyasəti var. Ölkəmizin beynəlxalq münasibətlər sisteminin layiqli və nüfuzlu üzvünə çevrilməsi tarixi gerçəklikdir, qəbul edilməli, hesablaşılmalı həqiqətdir!
Cənab İlham Əliyevin prezidentliyi dövrünə aid, dövlət başçısının fəaliyyətinin elmi-nəzəri, konseptual təhlili zaman-zaman ayrı-ayrı alimlər, araşdırmaçılar tərəfindən işlənib; inanıram ki, bundan sonra yazılacaq əsərlər, indiyədək formalaşdırlmış nəzəri bazaya da əsaslanaraq, Vətən Müharibəsindəki zəfərimizlə daha da zənginləşəcək.
Necə çətin dövrlərdə necə düzgün qərarlar verilib? – gəlcəyin Azərbaycanında xoşbəxt nəsillər oxusun, öyrənsin, qürur duysun. Bu, bir dövlətçilik irsi kimi gələcək nəsillərə ünvanlanmalıdır.
Cənab İlham Əliyev bir dövlət və siyasət xadimi olaraq, əcdadımızın şanlı keçmişini, milli qürurumuzu bütün kəsafətlərə, gərginliklərə, üzüntülərə baxmayaraq, inam, qətiyyət və prinsipiallıqla gələcəyə daşııyır. Bu, özünə inam, xalqına inam, öz qəlbində xalqına, Vətəninə bəslədiyi duyğulara inam və o duyğuları ən mürəkkəb şəraitdə belə, əməli müstəvi üzərində ustalıqla təcalla etdirməkdən keçir! – Gələcək nəsillərə güclü Azərbaycan dövləti qoymaq amalına sahib olmaq! – Cənab Prezidentin tarix uğurunun sirri burdadır, məncə.
Prezident İlham Əliyev öz qarşısına strateji hədəflər qoyan və o hədəflərə necə, nə vaxtadək, kiminlə çatmaq planında alternativlərin ən yaxşısını seçən liderdir. O, çağdaş tələblərə cavab verən, rəqabətə davamlı iqtisadi sistemin yaradıcısıdır. Məhz İlham Əliyevin məqsədyönlü siyasəti ilə respublikamız yeni infrastruktur layihələrin meydanı oldu, ölkəmizdə yeni iqtisadi, sosial, mədəni infrastruktur formalaşdırıldı. Çağdaş dövlət və vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyət yaşamının bütün sahələrini əhatə edən islahatlar… İlham Əliyevin adı ilə bağlıdır.
Prezidentin özünün dediyi kimi, “Həyata keçirilən siyasətin mərkəzində insan amili” durur. Prezidentin siyasətində humanizm prinsipinin, multikulturalizm ənənəsinin inkişaf etdirilməsi, eləcə də, güclü milli birlik və vətəndaş həmrəyliyi xüsusi istiqamət təşkil edir.
Beləliklə, Prezident İlham Əliyev hələ 17 il öncə qarşıya qoyduğu, bəyan etdiyi strateji hədəflərə nail olunması üçün bütün sferalarda uğur qazanıb. Bura, istər beynəlxalq miqyasda, istərsə ölkə daxilində görülmüş məqsədyönlü, ardıcıl siyasət, bir sözlə, “güclü dövlət” konsepsiyası daxildir.
İlham Əliyev qurucu, birləşdirici, xalqın istək və arzularını həyata keçirə bilən, dövlətin, xalqın maraqlarını ən ali məqsəd olaraq öz siyasətinin mərkəzinə qoyan, buna görə də, qədirbilən xalqımızın yüksək etimad göstərdiyi, etibar etdiyi liderdir.
Azərbaycan Prezidenti məhz praqmatik siyasətçidir: Prezidentin siyasətini təhlil edən yerli və xarici mütəxəssislərin də vurğuladığı kimi, o, hadisələri, prosesləri dəqiq qiymətləndirir, önəmli məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi vədləri gerçəkləşdirir. – 44 günlük Vətən Müharibəsində olduğu kimi!.. heç təsadüfi deyil ki, Prezidentin Ermənistan haqqında təhlilləri, uğursuz dövlətin “gələcəy”i haqqında proqnozları indi erməni cəmiyyətinin əsas müzakirə mövzularındadndır. – O, cəmiyyət ki öz siyasi-hərbi rəhbərliyi tərəfindən illərlə qəflət yuxusuna verilmişdi… Artıq kimsə daşları ətəyindən töksün, kimsə daşları ətəyinə yığsın, bizimçün fərq etməz – Azərbaycan uğur qatarı kəsafətləri yara-yara irəliləyir, daha da irəliləyəcək! Hər kəs öz gələcəyini özü müəyyənləşdirir – şəxs olaraq da, xalq olaraq da, dövlət olaraq da…
DÖVLƏTİMİZ VAR OSLUN!
İndi bütün Dünya Azərbaycanlıları, Azərbaycan dostları hamımız bir-brimizi işğalçı düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edir, sevincimizi bölüşürük. Bu Zəfərin memarı Müzəffər Ali Baş Komandanımızı bir daha Tarixi Zəfər və adgünü münasibəti ilə ürəkdən təbrik edir, ən xoş diləklərimi yetirirəm!
Sizinlə qürur duyuruq, cənab Prezident!