Qanunsuz mərc və şans oyunları saytları vətəndaşları aldadırlar — Deputatlardan XƏBƏRDARLIQbackend

Sosial şəbəkələrdə qanunsuz mərc və şans oyunlarının reklamı və təbliği ilə bağlı təhlükə hələ də qalmaqdadır. “Mostbet”, “Pin-Up”, “1xBet”, “Betbuta”, “10linelotto” kimi qanunsuz platformalar təkcə vətəndaşların pullarını deyil, həm də psixoloji sağlamlığını hədəf alır. Vətəndaşlar bu cür qanunsuz mərc və şans oyunlarının asan gəlir vəd edən təbliğatına aldanaraq maliyyə və mənəvi baxımdan ciddi zərərə uğrayır və bu cür qanunsuz virtual oyunların toruna düşürlər. 

Qanunsuz mərc və şans oyunları platformaları istifadəçiləri yüksək məbləğdə uduşla cəlb etsə də, bu vədlərin əksəriyyəti reallığı əks etdirmir. Müxtəlif futbol fan səhifələri və sosial şəbəkələr bu platformalardan narazı insanların şikayətləri ilə doludur. Mərc edib qazanc əldə edən şəxslər tələyə düşdüklərini etiraf edirlər. Oyunsevərlər bildirirlər ki, bu platformalar kiçik məbləğlər qazanıldıqda ödəniş edərək istifadəçilərin etimadını qazanırlar. Lakin böyük məbləğdə uduş olduqda pulları ödəməkdən imtina edir, hətta hesabları bloklayırlar.

Milli Məclisin deputatı Azər Badamov məsələ ilə bağlı Demokrat.az-a bildirib ki, qanunsuz reklamlar və vətəndaşların aldadılması hüquqi məsuliyyət yaradır. Onun sözlərinə görə, Azərbaycanda reklam haqqında qanun var və bütün reklamlar qanun çərçivəsində olunmalıdır.

“Əgər ölkəmizin hər hansı bir vətəndaşı sosial şəbəkələrin imkanlarından istifadə edərək insanları aldadırsa, bu, dələduzluq kimi dəyərləndirilir və zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına müraciət etməli və məsələyə hüquqi qiymətin verilməsi üçün hərəkətə keçməlidir. Bu gün süni intellektin verdiyi imkanlar sosial şəbəkələrə nəzarətin edilməsini çətinləşdirir. Sosial şəbəkələrə reklamlar ancaq ölkəmizdən yox, həm də xaricdən daxil olur. O cümlədən, ölkəmizdə senzura olmadığından sosial şəbəkələrdə fəaliyyət müstəqildir”.

Millət vəkili Ceyhun Məmmədov da sözügedən məsələnin çox ciddi problem olduğunu deyir:

“Hesab edirəm ki, Azərbaycanda sosial şəbəkələrdə müəyyən məsələlərə filtrin qoyulmasına, nəzarətin gücləndirilməsinə ehtiyac var. Hüquq-mühafizə orqanları bir çox tədbirlər görürlər, amma yenə də çalışmalıyıq”.

Deputat qeyd edib ki, qanunsuz mərc və şans oyunları platformalarının gənclərə nə qədər ziyanlı olduğu, mənfi təsir göstərdiyi barədə davamlı maarifləndirmə işi aparılmalıdır:

Demokrat.az-a danışan millət vəkili Fazil Mustafanın sözlərinə görə, qanunsuz mərc və şans oyunları platformalarının məqsədi insanları aldatmaqdır. Bu cür saytlara daxil olan şəxslər risk etdiyini və hüquqlarının qanuni şəkildə qorunmadığını bilməlidirlər. 

Qeyd edək ki, qanunsuz mərc və şans oyunları ölkə iqtisadiyyatı üçün ciddi təhlükə hesab edilir. “Mostbet”, “Pin-Up”, “1xBet”, “Betbuta”, “10linelotto” kimi qanunsuz mərc və şans oyunları platformaları Azərbaycanda lisenziyasız fəaliyyət göstərir, qanunsuz yolla külli miqdarda pul qazanır, dövlətə heç bir vergi ödəmir, dövlət nəzarətindən kənarda fəaliyyət göstərir və istifadəçilər qarşısında heç bir hüquqi məsuliyyət daşımır. Nəticədə, vətəndaşlar aldadıldıqda, qazandıqları pulları ala bilmədikdə heç bir rəsmi quruma müraciət edə bilmirlər.

Azərbaycan hüquq-mühafizə orqanları da qanunsuz mərc və şans oyunları keçirənlərə qarşı mübarizəni gücləndirib. Bu fəaliyyətlərlə məşğul olanlara qarşı mütəmadi əməliyyatlar həyata keçirilir və qanunsuz mərc və şans oyunları təşkil edən və oynayan şəxslər və dəstə üzvləri saxlanılır.

Təkcə son aylarda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlara nəzər yetirsək görərik ki, cinayətkar qruplar milyonlarla vəsait əldə etməklə, vergidən yayınır və ölkə iqtisadiyyatına külli miqdarda ziyan vururlar. Həmçinin qanunsuz mərc və şans oyunları platformaları vətəndaşlardan qazandıqları pulları çirkli pulların yuyulmasına, narkotik ticarətinə, silah alverinə və digər bu kimi cinayət fəaliyyətlərinə maliyyə dəstəyi göstərir.

Tələyə düşməmək və cinayətkar şəbəkələrin maliyyələşməsinə dəstək verməmək üçün hər bir vətəndaş “Mostbet”, “Pin-Up”, “1xBet”, “Betbuta”, “10linelotto” kimi qanunsuz mərc və şans oyunları platformalarından uzaq durmalı və bu cür dələduzluqlara qarşı diqqətli olmalıdır.