“Qarabağ 360” layihəsi Qlobal Cənub QHT Platformasının Təsis Konfransında təqdim olunubbackend

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Gələcək Naminə İctimai Birliyinin həyata keçirdiyi “Qarabağ 360” layihəsi Qlobal Cənub QHT Platformasının Təsis Konfransında geniş beynəlxalq auditoriyaya təqdim olunub. Tədbir Bakı Konqres Mərkəzində keçirilib və dünyanın 120-dən çox ölkəsindən gəlmiş nümayəndələri bir araya gətirib.

Konfrans çərçivəsində “Qarabağ 360” layihəsinin təqdimatı üçün xüsusi stend qurulub. Stenddə qonaqlara VR (Virtual Reallıq) eynəkləri vasitəsilə işğaldan azad edilmiş ərazilərə — Şuşa, Zəngilan, Füzuli, Cəbrayıl, Ağdam və digər bölgələrə — virtual səyahət imkanı yaradılıb. Eyni zamanda ölkənin digər regionlarına dair 360 dərəcəlik vizuallar da nümayiş etdirilib.

Qonaqlar Qarabağın müharibədən sonrakı reallıqlarını, tarixi və mədəni irs nümunələrini, dağıdılmış və bərpa olunan əraziləri, ən əsası isə bölgənin hazırkı vəziyyətini yüksək keyfiyyətli VR görüntülər üzərindən əyani şəkildə müşahidə ediblər. Virtual səyahət həm hissiyat baxımından, həm də məlumatlılığın artırılması baxımından konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Təqdimat zamanı layihənin məqsədləri barədə məlumat verilib. Bildirilib ki, “Qarabağ 360” layihəsi işğaldan azad edilmiş ərazilərin real mənzərəsinin rəqəmsal arxiv formatında toplanması, VR texnologiyası ilə dünyaya təqdim olunması və Azərbaycan həqiqətlərinin daha təsirli şəkildə çatdırılması üçün yaradılıb.

Qlobal Cənubdan gələn nümayəndələr layihənin yenilikçi təqdimat formasını yüksək qiymətləndirib, Qarabağın real vəziyyətinin bu cür texnoloji üsullarla tanıdılmasının mühüm beynəlxalq informasiya təsiri yaratdığını qeyd ediblər.

Konfrans çərçivəsində “Qarabağ 360” stendi tədbirin ən çox ziyarət olunan pavilyonlarından biri olub və iştirakçılar tərəfindən regionda bərpa və quruculuq proseslərinə dair mühüm məlumat mənbəyi kimi dəyərləndirilib.