“Qarabağ 360” layihəsinin təqdimatı Azərbaycan Texnologiya Universitetində keçirilibbackend

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gələcək Naminə İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Texnologiya Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən “Qarabağ 360” layihəsinin növbəti təqdimatı Azərbaycan Texnologiya Universitetində (ATU) baş tutub.

Tədbirdə universitet rəhbərliyi, müəllim heyəti, tələbələr, ictimaiyyət nümayəndələri və yerli media nümayəndələri iştirak edib.

Təqdimat zamanı layihənin ideyası, məqsədləri və əldə edilən nəticələr barədə geniş məlumat verilib. Bildirilib ki, “Qarabağ 360” layihəsinin əsas məqsədi müasir VR (Virtual Reallıq) texnologiyasından istifadə etməklə işğaldan azad edilmiş ərazilərin real vəziyyətini 360 dərəcəlik formatda sənədləşdirmək, rəqəmsal arxiv bazası yaratmaq və Qarabağ həqiqətlərini həm ölkə daxilində, həm də dünya ictimaiyyətinə daha müasir formada çatdırmaqdır.

Layihə çərçivəsində 8 şəhər üzrə 36 görüntü nöqtəsində aparılmış çəkilişlər zamanı tarixi abidələr, dağıdılmış infrastruktur, mədəni irs nümunələri, təbiət və turizm obyektləri 360° formatında lentə alınıb. Hazırlanmış materiallar VR texnologiyasına inteqrasiya edilərək interaktiv izləmə formatına gətirilib.

Azərbaycan Texnologiya Universitetində keçirilən təqdimat çərçivəsində tələbələr və akademik heyət VR eynəkləri vasitəsilə Zəngilan, Füzuli, Şuşa, Cəbrayıl və digər bölgələrə virtual səyahət ediblər. İştirakçılar Qarabağın bugünkü real mənzərəsini yüksək dəqiqlikli 360° görüntülərlə görmək imkanı əldə ediblər.

Universitet rəhbərliyi layihənin təhsil prosesinə verdiyi əhəmiyyəti xüsusi vurğulayıb. Qeyd edilib ki, “Qarabağ 360” tələbələrin Qarabağla bağlı faktlara əsaslanan vizual məlumat əldə etməsi, elmi-tədqiqat fəaliyyətlərində rəqəmsal resursların istifadəsi, həmçinin gənclərin vətənpərvərlik ruhunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbir çərçivəsində iştirakçılara layihənin gələcək mərhələləri barədə də məlumat verilib. Bildirilib ki, növbəti mərhələdə digər universitetlərdə, sosial qruplar arasında və xüsusilə sağlamlıq imkanları məhdud şəxslər üçün də virtual səyahətlər təşkil olunacaq. Layihənin yekununda isə dövlət qurumları, millət vəkilləri və diaspor nümayəndələri üçün genişmiqyaslı təqdimat mərasimi keçiriləcəyi vurğulanıb.