Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gələcək Naminə İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Qarabağ 360” layihəsinin növbəti təqdimatı Gəncə Dövlət Universitetində (GDU) keçirilib.
Tədbirdə universitetin rəhbərliyi, fakültə dekanları, müəllim heyəti, tələbələr və yerli media nümayəndələri iştirak edib.
Təqdimat zamanı layihənin mahiyyəti, məqsədi və görülmüş işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Qarabağ 360” layihəsinin əsas hədəfi işğaldan azad edilmiş ərazilərin hazırkı vəziyyətini VR (Virtual Reallıq) texnologiyası vasitəsilə 360 dərəcəlik formatda sənədləşdirmək, rəqəmsal arxiv yaratmaq və Qarabağ həqiqətlərini həm ölkə daxilində gənclərə, həm də beynəlxalq ictimaiyyətə müasir texnoloji üsullarla çatdırmaqdır.
Layihə çərçivəsində 8 şəhərdə 36 görüntü nöqtəsində aparılmış çəkilişlər zamanı tarixi abidələr, dağıdılmış yaşayış məntəqələri, mədəni irs nümunələri, turizm obyektləri və təbiət mənzərələri 360° video formatında qeydə alınıb. Hazırlanan materiallar xüsusi VR eynəklərinə inteqrasiya edilərək interaktiv baxış imkanı yaradılıb.
Gəncə Dövlət Universitetində keçirilən təqdimatda tələbələr və müəllim heyəti Qarabağın müxtəlif bölgələrinə virtual səyahət ediblər. VR eynəkləri vasitəsilə onlar Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl və digər ərazilərin real mənzərələrini yüksək keyfiyyətli görüntülər vasitəsilə izləyiblər. İştirakçılar Qarabağın müharibədən sonrakı vəziyyətini və aparılan bərpa proseslərini vizual şəkildə müşahidə etmək imkanı əldə ediblər.
Universitet rəhbərliyi layihənin elmi-tədris prosesinə dəstəyi xüsusi vurğulayıb. Qeyd olunub ki, bu təşəbbüs gənclərin Qarabağ reallıqları haqqında faktlara əsaslanan məlumat əldə etməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi və rəqəmsal texnologiyaların tədris prosesinə tətbiqi baxımından böyük əhəmiyyət daşıyır.
Tədbir zamanı iştirakçılara layihənin növbəti mərhələləri barədə də məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində digər ali təhsil müəssisələrində və müxtəlif sosial qruplar arasında virtual səyahətlərin təşkili davam etdiriləcək. Layihənin sonunda isə dövlət qurumları, millət vəkilləri və diaspor nümayəndələri üçün genişmiqyaslı yekun təqdimat mərasimi keçiriləcək.



















