Qarabağ əhalisinin etno-demoqrafik təkamülünə dair BMTM-in sifarişi ilə hazırlanmış təhlil Yunanıstanda nəşr edilibbackend

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sifarişi ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Demoqrafik sosioloji trendlərin təhlili şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rüfət Efendiyev tərəfindən hazırlanmış “Qarabağ əhalisinin etno-demoqrafik təkamülü: inkişaf mərhələləri” adlı təhlil ölkəmizin Yunanıstandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə yunan dilinə tərcümə olunaraq kitab şəklində Afinada nəşr edilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəşr olunmuş kitabda “XIX əsrdə Qarabağda etno-demoqrafik proseslər”, “XIX-XX əsrin sonlarında və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağın demoqrafiyası”, “Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz köçürülmə” və “2020-ci il 27 sentyabr dönüş nöqtəsi: İşğal olunmuş torpaqların azad edilməsi uğrunda Vətən müharibəsi” və digər yarımbaşlıqlar vasitəsilə tarixi həqiqətlər çatdırılıb. Həmçinin regionun etno-tarixi proseslərin inkişaf tendensiyası, erməni əhalisinin regiona köçürülməsi, köçürülən erməni əhaliyə çar Rusiyası tərəfindən yaradılan xüsusi imtiyazlar, 1905-1907-ci illərdə və 1918-ci ilin mart ayında Qarabağ, Naxçıvan, Lənkəran, Salyan, Quba və Bakı şəhərində azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlar, AXC dövründə ermənilərin Qarabağdakı separatçı fəaliyyəti, 1948-1953-cü illərdə SSRİ Nazirlər Sovetinin qərarı ilə Ermənistan ərazisindən zorla deportasiya edilən etnik azərbaycanlıların vəziyyəti, 1980-ci ildən etibarən ermənilər tərəfindən yenidən başladılan antiazərbaycan siyasəti, onun xalqımız üçün acı nəticələri və məcburi köçkün və qaçqın problemi haqqında yunan ictimaiyyətinə geniş məlumat verilib. Eyni zamanda, kitabda Ermənistan Silahlı Qüvvələrinin təxribatına cavab olaraq Azərbaycan Ordusunun bütün cəbhə xətti boyunca apardığı genişmiqyaslı əks-hücum əməliyyatlarından və 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən bəhs olunur.
Müəllifin Qarabağ əhalisinin etno-demoqrafik təkamülü ilə bağlı araşdırması göstərir ki, son iki əsr ərzində ermənilərin bu regiona köçürülməsi ilə bölgə çoxvektorlu demoqrafik proseslərin, mürəkkəb miqrasiya reallıqlarının, eləcə də qanlı hadisələrin mərkəzinə çevrilib.
Bildirilir ki, kitabın yunan dilində nəşr edilməsində əsas məqsəd ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi ilə bağlı tarixi həqiqətləri, həmçinin hər bir dövlət, o cümlədən Yunanıstan üçün fundamental dəyər daşıyan ərazi bütövlüyünün, beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığının təmin edilməsi, qaçqın və məcburi köçkünlərin pozulmuş haqlarının bərpası istiqamətindəki Azərbaycanın haqlı mövqeyini yunan ictimaiyyətinə çatdırmaqdan ibarət olub.
Qeyd edək ki, kitabda faktların böyük əksəriyyəti xarici mənbələrə istinadən istifadə olunub. Kitabın Azərbaycanın Yunanıstandakı səfirliyi tərəfindən bu ölkənin siyasi, elmi, ictimai, özəl dairələrində geniş yayılması nəzərdə tutulur.