Qarabağ hekayələri qazaxcaya çevrilərək Nur-Sultanda nəşr edilibbackend

Azərbaycan yazarlarının Qarabağ hekayələrindən ibarət “İtirdiyim xoşbəxtlik” antologiyası qazax dilində nəşr edilib.

Beynəlxalq Türk Akademiyasının (BTA) xətti ilə gün üzü görən nəfis antologiyaya Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, BTA prezidenti Darxan Kıdırali, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov və Ə.Yəsəvi adına Qazax-Türk Universiteti Avrasiya Elmi araşdırmalar İnstitutunun direktoru Vakur Sümer müvafiq olaraq, “Önsöz”, “Ürək sözü”, “Təqdim” və “Oxucuya müraciət” yazıb. Müəlliflər Azərbaycan həqiqətləri və onların bədii əsərlərdə inikası, eləcə də, qardaş ölkələrin sarsılmaz dostluğunda, işbirliyində ədəbiyyatın daşıdığı önəmli rol barədə fikirlərini bölüşüb.

Hekayələri qazaxcaya Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, istedadlı qazax yeni nəsil yazıçısı Erkinbek Serikbay çevirib.

Antologiyanın araya-ərsəyə gəlməsində, yuxarıda adıkeçən ziyalılarla yanaşı, Millət vəkili Cavanşir Feyziyev, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, Qazaxıstanlı yazarlar Kudiyar Bilal, Nurqali Jusufbay, Akədil Toyşanulı da iştirak edib.

“İtirdiyim xoşbəxtlik”də Qənirə Paşayeva, Aqil Abbas, Əjdər Ol, Əkbər Qoşalı, Mahir Qabiloğlu, Yaşar Əliyev, Günel Anarqızı, Təranə Vahid, Elçin Hüseynbəyli, Aslan Quliyev, Narıngül Nadir, Novruz Nəcəfoğlu, Kamran Nəzirli, Məqsəd Nur, Aydın Tağıyev, Afaq Şıxlı və Türkiyədən İmdat Avşarın hekayələri yer alıb. Gələcəkdə ikinci cildinin də nəşri planlaşdırılan antologiya geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Önsöz müəllifi Q.Paşayeva antologiyanın postpandemiya dövründə Qazaxıstanda və Azərbaycanda geniş təqdimat törənlərinin keçiriləcəyini bildirərək, nəşrin önəmi haqqında fikirlərini bölüşüb: “İnanırıq ki, bu yeni nəşrlə qardaş Qazaxıstanın ədəbi ictimaiyyətinin, ümumən qazax qardaş-bacılarımızın Azərbaycan həqiqətləri barədə daha geniş təsəvvürlərə malik olmasına xidmət etmiş olacağıq. Antologiyada yer alan hekayələrin oxucuların marağına səbəb olacağına, bununla da yeni münasibətlərin, əməkdaşlıqların yaranacağına inanırıq. Qarabağ hekayələrinin toplandığı bu antologiyanın məhz BTA tərəfindən nəşr edilməsi, nəşrin sanbalını, yayılma arealını, populyarlığını daha da artırmış olur”.

Mədəniyyət komitəsinin sədri nəşrin ərsəyə gətirilməsində əməyi keçənlərə, BTA prezidenti və kollektivinə, hekayələrin müəlliflərinə, o hekayələri orjinalın ruhunu, müəliflərin üslubunu məsuliyyətlə qoruyaraq qazaxcaya çevirmiş Erkinbek Serikbaya, nəşrin redaksiya heyətinə, nəfis dizayn və poliqrafik işləri təmin edən “Ğılım baspası” NPB kollektivinə təşəkkür edib.

Qeyd edək ki, Qarabağ hekayələri bundan öncə Türkiyədə (iki dəfə), Özbəkistanda nəşr edilib; qarşı aylarda isə Qırğız Respublikasında nəşr ediləcək.

İctimai.az