“Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb” – ŞƏRHbackend

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə iyulun 15-də cari ilin 6 ayının yekunlarına dair keçirdiyi müşavirədə həm daxili, həm də xarici siyasətlə bağlı çox vacib məqamlara toxunub. Dövlət başçısı müşavirədə növbəti dəfə Ermənistana ciddi xəbərdarlıq edərək Ermənistanın həm statusla bağlı, həm də ATƏT-lə bağlı məsələni qabartması ilə yanaşı, xüsusilə də müharibədən 20 ay vaxt keçməsinə baxmayaraq Ermənistan silahlı dəstələrinin hələ də torpaqlarımızdan çıxarılmamasının mənfi hal olduğu bildirildi. Azərbaycan dəfələrlə bu məsələrlə bağlı münasibətini bildirib: «Status məsələsi artıq yoxdur. ATƏT məsələsinə gəldikdə isə onlar özləri dəfələrlə vurğulayıblar ki, artıq ATƏT-in fəaliyyəti məsələsi gündəlikdə yoxdur. Yenə də ölmüş Minsk qrupunu diriltmək cəhdləri var. İndi Minsk qrupu faktiki olaraq səhnədən gedib. Biz – bu prosesin iştirakçısı olan ölkə deyirik ki, Minsk qrupuna ehtiyac yoxdur, 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur. Bunu biz deyirik»,-deyən dövlət başçımız onu da söyləyib ki, Minsk qrupu həmsədrləri arasında yumşaq desək, soyuq müharibə gedir: «Faktiki olaraq özləri etiraf edirlər ki, Minsk qrupu qeyri-funksionaldır. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub”. Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə onu da vurğulayıb ki, onların məqsədi, ölkəmizə qarşı ərazi iddiasıdır. Hansı ərazi?,-deyən dövlət başçısı bildirib ki, Minsk qrupu elə bil, nə iləsə məşğul olmalıdır. Onda sual olunur: “Nə ilə məşğul olmalıdır? Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır! Bunu mən demişəm və haqlı olaraq demişəm, indi bunu hamı deyir. O cümlədən Ermənistan deyir – öz xoşu ilə yox, məcburən. Bu məsələ ilə bağlı müzakirə apardığımız bütün ölkələr, təşkilatlar deyir”.

Dövlət başçısı, həmçinin Ermənistanın 10 noyabr razılaşmalarına əməl etmədiyini deyib. Belə ki, 10 noyabr bəyanatının 4-cü bəndinə əsasən erməni silahlı qüvvələri Qarabağ ərazisindən tam çıxarılmayıb. Bundan əlavə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu və avtomobil yolu təmin olunmalıdır. Amma Ermənistan bu razılaşmaya da əməl etmir. Halbuki, Azərbaycan Laçın dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Ermənistanın da borcudur ki, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin: «Bu, Ermənistanın növbəti təxribatıdır. Bu onu göstərir ki, Ermənistan hələ də Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkmir. Bununla yanaşı Ermənistan öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməlidir. Əgər, yerinə yetirməsə, Azərbaycan öz məqsədinə başqa yolla nail olmağa məcbur olacaq. Həmçinin Rusiya tərəfi də vasitəçi kimi Ermənistanı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etməlidir. Bu gün Azərbaycan Ordusunun gücü, qüdrəti artmaqdadır”. Bir sözlə, Ermənistan «düz yola» gəlməlidir. Çünki Azərbaycan gec-tez istəyinə nail olacaq. Necə ki, Vətən müharibəsindən öncə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana etdiyi təkliflərin sonradan güc yolu ilə həll olunduğu kimi.

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatının təlimatçısı