Qarabağ və Şərqi Zəngəzur cənnətə çeviriləcəkbackend

Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasındadır. Azərbaycanda bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə düşünülmüş siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında nüfuzu, çəkisi olan dövlətə çevirib. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir, onun əbədiliyi təmin edilir. 15 oktyabr 2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan Cənab İlham Əliyev ötən 19 il ərzində Azərbaycanın qazandığı uğurların müəllifidir. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına tarixi müraciətində öz namizədliyini siyasi varisi Cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirmişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Prezident seçkilərində yüksək səslə qələbə qazanan Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin inamını, xalqın ona göstərdiyi etimadı qısa bir zamanda əməl ilə sözün vəhdətində doğrultdu. Ulu Öndər tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirildi. Qısa bir zamanda dövlətin dayanıqlı inkişafını təmin edilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Əlbəttə ki, müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Ölkəmiz sosial-iqtisadi inkişafın tempinə görə dünya dövlətləri arasında liderlər sırasında yer aldı. Azərbaycan Prezidenti İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində qeyd etmişdi ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Bu, belə də oldu. Cənab Prezidentin “Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir” – deməsi çox böyük əsaslara söykənir. 2003-cü ildən bu günə qədər keçən dövr ərizində Azərbaycan sürətli inkişaf dövrünü yaşamış və dünyada analoqu olmayan iqtisadi templərlə inkişaf etmişdir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilmişdir, 2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapmışdır. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir. Bu gün Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilmişdir. Beynəlxalq təşkilatlar regiondakı bütün layihələrdə Bakının mövqeyini nəzərə alırlar. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Həqiqətən də, Azərbaycan son 19 ildə bütün istiqamətlər üzrə böyük uğurlara imza atıb. Ölkə başçısı İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında böyük rəğbət qazanmış bir ölkədir.

Bu gün Azərbaycan yeni iqtisadi və sosial çağırışların, nüfuzlu beynəlxalq qurumların tədbirlərinin keçirilməsi üçün əsas məkan kimi tanınır, dünyaya özünü demokratik ənənələrə sadiq, hüquqi və sosial dövlət kimi təqdim edir. Ölkəmizin bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması və s. Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə daha da möhkəmləndirir. Azərbaycan Prezidentinin əməli fəaliyyətinin, iradəsinin nəticəsidir ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, qlobal əhəmiyyətli iqtisadi zonalar yaradılıb. Cənub Qaz Dəhlizinin, TANAP layihəsinin istifadəyə verilməsi uğurlu hadisələr sırasındadır. Cənab Prezidentin vurğuladığı kimi, bunlar dünyada da çox böyük əks-səda yaradan layihələrdir. Azərbaycanın təşəbbüsü ilə bölgədə, Avrasiya məkanında həyata keçirilən layihələr önəm daşıyır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi.
Həqiqətən də, Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək, bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə, haqlı olaraq, fəxr edə bilər. Uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələri möhkəmlənib və iqtisadiyyat dinamik inkişaf edib. Dövlət neft strategiyasının həyata keçirilməsi ilə yanaşı, bu illər ərzində ölkəmizdə müasir iqtisadiyyatın əsaslarının yaradılması, torpaq islahatlarının həyata keçirilməsi, sahibkarlığın inkişaf etdirilməsi və maliyyə-bank sisteminin qurulması istiqamətlərində mühüm layihələr gerçəkləşdirilib. 2003-2022-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan tarixi nailiyyətlər qazanıb, dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların həyatı yaxşılaşıb
Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır.
Bu gün işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işləri aparılır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Bu bölgələrin potensialı və nəzərdə tutulan bərpa və yenidənqurma işləri həqiqətən də həmin ərazilərin cənnətə çevriləcəyini deməyə tam əsas verir.

Əvəz Qocayev,

YAP Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini