Qəbul olan duambackend

2020-ci ilin okyabr ayı idi. Azərbaycanın Vətən müharibəsinin fatehi olan Ali Baş Komandanımızın Zəfər Ordusu Qarabağımızda hər gün irəliləyirdi. Cəbhədən eyni zamanda şəhidlərimizlə bağlı xəbərlər də gəlirdi. Bütün Azərbaycan kimi Şəkidə də cəbhəylə bağlı işlər görürlür və əhalinin hər an ürəyi cəbhəylə döyünürdü. Səfərbərlik Xidmətinin Şəki rayon şöbəsinin rəisi olaraq mən və şəxsi heyət bütün tapşırıqların öhdəsindən gəlməyə çalışırdıq. Əslində şəhər rəhbərliyi, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon aktivləri və camaatımız bir yumruq kimi birləşərək cəbhə üçün səylərini əsirgəmirdilər.

Xatırlıyıram, Şəhidimizi dəfn etməkdən qayıdırdıq. Mənə şöbədən zəng gəldi və zabitlərdən birinin koronavirusa yoluxduğu bildirildi. Mən dərhal rəhbərliyə məruzə etdim. Tapşırıq verildi ki, bütün şəxsi heyət müayinə olunsun. Qəhər məni boğdu. Birdən mən də yoluxaram və bütün bu işlərdən uzaq qalaram. Axı hər bir şəkili mənim üzümdəki ifadədən anlayırdı cəbhədəki vəziyyəti və əsgər valideyinləri məni şöbədə gəlib görəndə sanki təskinlik tapırdılar. Hər gün valideyinlərdən kimlərisə dəvət edib “balamız Şəhid olub” deyib valideynə sarılmaq, onunla birgə göz yaşı tökmək çətin idi. Xəstəxanadan həkimlər gəlib nümunə götürürdülər. Birinci məndən nümunə götürmək istəyəndə mən xahiş etdim ki, məndən sonda götürsünlər. Otaqda tək idim. Dayanmadan Allahıma dua edirdim ki, məni əsgərlərimdən, valideynlərdən, şəhidlərimdən və qazilərimdən ayrı salmasın. Sanki ölmüşdüm və haqq-hesab verirdim. Gözü yaşlı dua edir və Allaha şəhidlərimin ruhunu vasitə gətirirdim.

Otağın qapısı açıldı, tibbi heyət otağa daxil oldu. İlahi, sənə imtahan vermək necə çətin idi. Nümunəni götürüb getdilər. Sanki mələklər yük dolu həyat kitabımı Allaha aparmaq üçün otağı tərk etdilər. Onda anladım ki, insan nə qədər məzlum və yazıqdır. Yenə də özümdə qüvvə toplayıb xidmətimi davam etdirməyə başladım. Çünki xalqımıza xidmət etməyi çox sevirəm. Həmin gün heç yata bilmədim. Gözümü yuman kimi bayrağımız yuxuma girirdi və nə qədər əlimi uzatsam da, tuta bilmirdim. Səhəri günü günortaya yaxın idi. Telefonun zəngi çaldı. Baxanda gördüm ki, baş həkimdir. İlahi necə həyacanlı və qorxunc idi. Sanki gələn zəng məni ölüm hökmünə aparacaqdı. Cavab verməyi uzadırdım və Allaha dua edirdim. Telefonu açan kimi gözləmədən baş həkimə həyacanla sual verdim: məndə virus var? Həkim “yox, qardaş” deyə cavab verdi. Kövrələrək “yox deyən, qardaş deyən dilinə qurban, həkim” dedim. Dualarım qəbul olmuşdu. Qalib xalqın, qalib Ali Baş Komandanın əsgəri olaraq çox xoşbəxt idim. Duam qəbul olmuşdu.

Yalçın Sadıqlı