Qələbəyə aparan yol: Azərbaycan Ordusunun şanlı tarixibackend

26 iyun Azərbaycanda hər il Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu tarix Azərbaycanın hərbi tarixində xüsusi yer tutur və ölkənin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin qorunmasında misilsiz xidmətləri olan orduya ehtiramın ifadəsidir.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarına əsasən, ilk mütəşəkkil milli ordu hissələrinin yaradılması bu günə təsadüf edir. Bu qərarla Azərbaycanın müstəqil ordu quruculuğunun təməli qoyuldu. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası həmin ənənəni davam etdirərək Silahlı Qüvvələrini yenidən formalaşdırmağa başladı.

1998-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə 26 iyun tarixi Silahlı Qüvvələr Günü kimi rəsmiləşdirildi və bu gün ölkədə dövlət bayramı statusu aldı. Bu, həm ordu quruculuğuna verilən yüksək dəyərin, həm də milli ordunun inkişafına göstərilən siyasi iradənin göstəricisidir.

Müstəqil Azərbaycan Ordusu bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə regionun ən güclü və müasir ordularından birinə çevrilib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıq, xalq-ordu birliyi və müasir hərbi strategiya nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu, Silahlı Qüvvələrin hərb tarixində parlaq bir səhifə olmaqla yanaşı, Azərbaycan dövlətinin gücünü bir daha dünyaya nümayiş etdirdi.

Azərbaycan Ordusunun gücü və peşəkarlığı 2023-cü ilin 19–20 sentyabr tarixlərində keçirilmiş lokal antiterror tədbirləri zamanı bir daha özünü göstərdi. Ermənistan silahlı birləşmələrinin hələ də Azərbaycan ərazisində – Qarabağ bölgəsində mövcudluğu, mina təhlükəsi və təxribatları fonunda həyata keçirilən bu əməliyyatlar nəticəsində qısa müddət ərzində separatçı silahlı qüvvələr zərərsizləşdirildi və bölgədə tam suverenlik bərpa olundu.

Bu uğurlu antiterror əməliyyatı Azərbaycanın beynəlxalq hüquqa, suverenliyə və təhlükəsizliyə əsaslanan mövqeyini bir daha möhkəmləndirdi. Əməliyyat nəticəsində ərazi bütövlüyünün tam bərpası ilə yanaşı, bölgədə qanunsuz silahlı qüvvələrin fəaliyyəti tamamilə dayandırıldı.

Bu gün Azərbaycan Ordusu öz peşəkarlığı, intizamı və müasir hərbi texnikası ilə regionda sülhün və təhlükəsizliyin əsas təminatçılarından biridir. Dövlət tərəfindən ordunun inkişafına, şəxsi heyətin sosial rifahına və texniki təchizatına xüsusi diqqət yetirilir.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, qazilərimizi, şəhid ailələrini təbrik edir, Azərbaycan əsgərinə hər zaman güc, iradə və qələbə əzmi arzulayırıq.

Qarabağ Azərbaycandır!
Yaşasın Azərbaycan Silahlı Qüvvələri!

Təranə Paşayeva

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Ərazi partiya təşkilatı sədri

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri

“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri

Psixologiya üzrə fəlsəfə doktoru