Qənirə Paşayeva: “Fransa işğalçı və seperatçıları dəstəkləməklə özünü ifşa etdi.”backend

Fransa rəhbərliyinin, bu Qərbi Avropa ölkəsinin dövlət orqanlarının (rəsmi istilahla desək) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə tutduğu mövqe, əslində, tam mövqesizlikdir, hüquqtanımazlıqdır. Fransanın bu mövqeyə (mövqesizliyə) istinadən etdiyi hərəkətlər ən elementar tənqidə belə tab gətirmir. İlk növbədə ona görə ki,

Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən birdir, bu onun üzərinə tarixi, siyasi, mənəvi məsuliyyət qoyur.
İkincisi, Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir – yəni ədalətli sülh arayışına əsas məsuliyyət daşıyan 3 ölkədən biridir. – Fransa hakimiyyəti bu mandatın fərqində olmağa borcludur.
Üçüncüsü, Fransa Qafqaz dövləti deyil, Qafqaz dövlətləri ilə həmhüdud deyil; hətta, ermənilərlə, azərbaycanlılarla, ümumən Qafqaz xalqları ilə etnik, mədəni bağlara malik deyil. Belə olunca, neytral qalmaq, əsl vasitəçi ləyaqəti göstərmək üçün heç bir bəhanəyə yer qalmır.
Bütün bu faktlara, məsuliyyət bölgüsünə baxmayaraq, Fransa, ikilistandartlarla davranmağı, anti-Azərbaycan ovqatını siyasi müstəvidə möhkəmlədib, hüquqi müstəviyə daşımaq yolu tutmağı özünə yaraşdırır. “Hüquqi müstəvi” deyirik, əslində, tam “hüquqa zidd müstəvi” deməliyik.
Fransa Respublikası Senatında qondarma “Artsax Respublikası”nın tanınmasının mümkünlüyü haqqında sənədin müzakirəyə çıxarılması Azərbaycanın dünya birliyi, beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən Fransanın özü tərəfindən tanınmış suverenliyinə, ərazi bütünlüyünə qarşı qəsddir. Bunun başqa izahı varmı? Bu, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren hüquqlarına, birgəyaşayış normalarına qarşı çox kobud müdaxilə cəhdidir. Bunlar Qafqazın iki dövləti arasında ədalətli sülh arayışının elementar tələblərinə cavab verirmi? – Əsla, yox! Özü də bütün bu hüquqtanımazlıqlar nə zaman baş verir? – Müharibənin hərbi mərhələsinin başa çatdığı, siyasi-diplomatik mərhələnin başladığı, ədalətli nizamlanmaya inam yarandığı bir dövrdə… Fransa 44 gün ərzində də erməniyanlı mövqe tutmuşdu, Fransa Ermənistan-Azərbaycan elanolunmamış müharibəsinə münasibətdə, demək olar, həmişə Ermənistanın yanında durub. Ona görə, heç olmazsa, müharibənin başa çatıb, siyasi çözümün başladığı dövrdəsə, Fransa öz dövlət imicinin, vasitəçi mandatının qayğısına qalmağa borcluydu.
Fransanın hazırkı beynəlxalq hüququtanımazlığı ədalətlə, humanizmlə, beynəlxalq hüquq normaları ilə tam ziddiyyət təşkil edir. Bu, bitmiş müharibəni yenidən başlamaq fitnəkarlığıdır. Bu, tərəfləri yeni qanlı toqquşmalara təhrik etmədən başqa bir şey deyil. Bu, hazırkı Fransa hakimiyyətinin gələcək nəsillər qarşısında tarixi yanlışlığı olub, humanizm prinsiplərini çiynəməyin ta özüdür. Bu, ATƏT-in Minsk Qrupunda həmsədrlik instituna yaxud tərkibə mütləq şəkildə baxmağın qaçınılmazlığından xəbər verir. Artıq Fransa həmsədr olma hüququnu özü öz əməlləri ilə itirmişdir.
Beləliklə, bir qrup ermənipərəst, islamafob, anti-türk, anti-Azərbaycan ovqatlı senator tərəfindən təklif edilən və Fransa Senatında qəbul edilən “Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı bədnam qətnamə fransız mədəniyyətinə, respublikaçılığa, sülhyaratma mandat-missiyasına, Qərb demokratiyasına… üzr istəyirəm, tüpürməkdir. Qondarma “respublika”nın tanınması ilə bağlı bu bədnam qətnamənin Fransa Senatında qəbul edilməsi Azərbaycan Respublikasının Fransanın özü də daxil olmaqla, beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq-açığına kobud müdaxilədir. Bu ədalətə, hüquqa, əməkdaşlığa, bir sözlə, dövlətlər, xalqlararsı münasibətlər sisteminə həqarətdir. Bu həqarət, tarixi yanlışlığa qol qoyan,səs verən bütün senatorların vicdanında qara ləkə olaraq qalacaqdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı ən məşhur sənəd BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədir. Həmin qətnamələri heçə sayan Fransa özü də, həmin qətnamələrin qəbul edilməsinə səs vermişdir. – Deməli, Fransa Senatının bu addımı özü özünü inkar anlamı daşıyır.
Sirr deyil ki sözügedən bədnam sənəd Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir. Lakin bu, Senatın belə bir bədnam qətnamə qəbul etməsinə bəraət qazandırmır.
O da sirr deyil ki, Fransa bölgədə Türkiyə və Rusiyanın ön plana çıxmasından, özünün arxa planda qalmasına razı deyil, bundan rahatsızdır. Ancaq duruma obyektiv əsaslarla baxmaq lazımdır və Fransanın özünün özünə etdiklərinə görə başqaları cavab verməyə borclu deyil.
İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında digər dinlərə məxsus dini və mədəni abidələrin qorunması ilə bağlı guya hansısa problemin mövcudluğu ilə bağlı fransız rahatsızlığına gəldikdə isə… bu, ən yumşaq ifadə ilə desək, gülünc iddiadır. Fransa 27-30 il boyu Ermənistanın işğalı altında qalmış Azərbaycan torpaqlarındakı yaxud Ermənistan ərazisindəki dini, tarixi, mədəni abidələrimizə qarşı törədilmiş vandalizmi nə üçün görmür? Yoxsa, bizim abidələri dağıtmaq olar və bu, fransızlar üçün problem sayılmır? – Ötən illər ərzində işğal olunmuş ərazilərdə İslam dininə xas abidələrin barbarcasına dağıdılmasına, qədim albanlara məxsus dini, tarixi məbədlərin erməniləşdirilməsinə Fransa daxil bir çox dövlətin, beynəlxalq təşkilatların səssiz qalmasını hansı kitaba yazaq? Guya Fransada bilmirlərmi ki Azərbaycan Respublikası multikultural dövlət olaraq işğaldan azad olunmuş ərazilərdə dağıdılmış islam və qeyri-islam dininə mənsub bütün abidələri bərpa edəcək və onların dövlət səviyyəsində qorunmasını təmin edəcəkdir. – Bu, bizim dövlətin xarakteridir. Belə tolerant davranış bizim milli xüsusiyyətimizdir, biz bunu kiməsə, nəyəsə görə etmirik. Buna dair onlarla fakt var və o faktlar beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Azərbaycanda etnik və dini zəmində tolerantlıq nəinki monoetnik, qeyri-tolerant Ermənistan cəmiyyəti ilə, bir çox Avropa ölkələri ilə müqayisədə ən yüksək səviyyədədir.
Azərbaycanda digər dinlərə məxsus abidələrin mövcud durumu dediklərimizə bariz örəkdir.
Onu da deyək ki, Fransa hökuməti adından bildirilən rəsmi açıqlamada Fransa Senatının dünən qəbul etdiyi bədnam qətnamənin hüququ təsiri olmadığı, tövsiyə xarakterli sənəd olduğu bildirilib: “Bu, Fransa hökumətinin siyasəti deyil, Ermənistanın siyasəti deyil, ortaqların siyasəti deyil”.
Fransa Xarici İşlər Nazirliyi hesab edir ki, Fransanın Dağlıq Qarabağın müstəqilliyini birtərəfli şəkildə tanıması heç kimə fayda verməyəcək.
Fransa boyda bir dövlətin qanunverici orqanı Ermənistan kimi bir cırtdan dövlətin haqsız tələb və iddialarının girovuna çevrilməməliydi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də vurğuladığı kimi, Senatın qətnaməsi bizimçün bir kağız parçasından artıq deyil və heç bir təsiri ola bilməz.
Bu qətnamənin qəbulundan Azərbaycan hansısa fövqəladə itkilərə məruz qalmayacaq, bəlkə Fransanın özünün itirəcəkləri olacaqdır. Və Ermənistan hakimiyyəti də sanmasın ki qazanan tərəf olacaq. Uğursuz bir dövlət, məğlub dövlət bir qətnamə ilə dirçələ bilməyəcək, əksinə, gələcək danışıqlarda, özü də, onu birtərəfli qaydada müdafiə edən Fransa da tam etibarsız tərəf olacaq. Azərbaycan Respublikasının ərazisində yaşayan ermənilər də bundan bir qazanc gözləməsin. Onların qazancı, (əgər əldə edə bilsələr) “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” olardı…
DÖVLƏTİMİZ VAR OLSUN!