Qənirə Paşayeva iki şəhid anası ilə görüşübbackend

MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva 2 oğlunu Vətənimiz üçün şəhid vermiş Ziba Əsgərova ilə görüşdə sizin kimi qəhrəman şəhid analarının qarşısında baş əyirik deyib.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Masallıdan olan şəhid anası Ziba Əsgərova ilə görüşüb. Komitə sədri Ziba xanıma oğlu və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımızın azad olunduğunu, xalqımızın 30 illik həsrətinə son qoyulduğunu deyib:
“Əziz Ziba xanım, biz bilirik ki sizin igid oğlunuz İntiqam bu il – Azərbaycan Böyük Vətən Müharibəsində, o biri oğlunuz Nurlan isə 2016-cı ilin aprel döyüşlərində şəhid olub. Bir ailənin iki oğlunun döyüşlərdə fədakarlıqla iştirak edərək şəhid olması sizin ailədəki yüksək vətənpərvərliyi, vətəncanlılığı parlaq şəkildə göstərir. Sizə minnətdarıq, əziz Ana! Övladlarınızın ruhu qarşısında ehtiramla baş əyirik.
Bu gün sizinlə görüşümüz bir vəfa borcudur. Çox sağ olun ki dəvətimizi qəbul etmisiz.
İntiqam xüsusi təyinatlı döyüşçü kimi öz peşəkarlığı ilə seçilib, çevrəsində hərb sənətinə həvəs oyadıb. Təsadüfi deyil ki, kiçik oğlunuz Nurlan da məhz qardaşına oxşamaq istəyirmiş. Nurlan 4 il öncə şəhid olub, İntiqam bu il. Ruhların ölməzliyinə inandığımız kimi, bu ilki qələbəmizin də Nurlana agah olmasına inanırıq!
İntiqam 44 günlük müharibə başlayan gündən, əldə silah, işğal altında olan torpaqlarımızda düşmənə qarşı qəhrəmanlıqla döyüşüb.
Tanrıdan bütün şəhidlərimizə rəhmət, yaralı qazilərimizə şəfa diləyirik!
Şəhidlərimizin qanı yerdə qalmayıb, Azərbaycan Tarixi Zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki haqq edən ilk insanlar Şəhid Analarıdır. Sizi iki şəhidimizin anası kimi, Səfərimiz münasibəti ilə böyük ehtiramla təbrik edirəm, əziz Ana”!
Ziba xanım səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.Görüşdə iştirak edən “Nəfəs” Xeyriyyə Təşkilatının sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, “Asiya” İnformasiya Agentliyinin rəhbəri Cəfər Cəfərov və digər ziyalılarımız şəhid analarımızın qarşısında baş əydiklərini bildiriblər və Ziba xanıma hər zaman yanınızdayıq deyiblər. Qəhrəman şəhidimizin anası ilə geniş fikir mübadiləsi aparılıb və Q.Paşayeva Mədəniyyət komitəsi adından şəhid anasına təşəkkür məktubu təqdim edib.