Qənirə Paşayeva qəhrəman şəhidimiz Nurlan Nuruzadədən yazdıbackend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Nurlan Nuruzadədən yazdı.

19 yaşında əbədi nur qazanan Nurlan Nuruzadə
Sumqayıtda böyüyüb, Füzulidə əbədiyyət qazanan 19 yaşlı gənc şəhidimizdən söz açmaq istəyirəm sizlərə.
Nurlan Tofiq oğlu Nuruzadə 2001-ci ilin avqust ayının 9-da Sumqayıt şəhərində doğulub. Sumqayıt şəhər 17 saylı orta məktəbdə təhsil alıb. 2019-cu ilin oktyabr ayında həqiqi xidmətə çağırılıb və Ağcabədidə yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb. Sonra hərbi xidmətini Beyləqanda davam etdirən Nurlan topçu idi.
Zabitlər tərəfindən həmişə təqdir görən gənc topçu, əsgər yoldaşları arasında da hörmət sahibi olub. Azərbaycan Böyük Vətən Müharibəsinin ilk günündən dö­yüşlərə cəlb olunan topçumuz, Füzuli istiqamətində gedən ağır döyüşlərdə – 2020-ci il oktyabrın 1-də şəhidlik zirvəsinə ucalıb.
Hərbi xidmətə yola düşməsinin 1 ili tamam olan ərəfədə şəhadət şərbəti içən Nurlan böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Hər gün onlarla vətəndaşımız, özəlliklə yeniyetmə və gəncimiz Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edir, Nurlanın, bütün şəhidlərimizin ruhuna dualar oxuyur, onların həyat yolu ilə maraqlanır və öyrənir. Daha 19 yaşındaykən belə aqibət hər kəsə nəsib olmur, əlbəttə. Əlbəttə, 19 yaşında şəhid olmuş Nurlanın ruhu şaddır. Çünki onun uğrunda şəhid olduğu torpaqlarda buğun üçrəngli müqəddəs bayrağımız dalğalanır. Şəhidimizin qanı yerdə qalmyıb. Onun topçu yoldaşları, top komandirləri, ümumən Azərbaycan artilleriyası 44 gün içində xarüqələr yaradıb. Nur içində yatan cənnətməkan Nurlanın, bütün şəhidlərimizin ruhuna dualar ismarlayarkən, Müstəqil Azərbaycan Respublikası artilleriya məktəbini yaratmış, formalaşdırmış, çağdaş tələblərə uyğun səviyyəyə qaldırmış bütün zabitlərimizə könül dolusu təşəkkür edirik! I Qarabağ müharibəsində az imkanlarla çox nəticəyə çalışan, igidliklər göstərən Azərbaycan artilleriyaçıları, II Qarabağ müharibəsində tam komplektləşərək, düşmənə daha ağır zərbələr vurub. Düşmən canlı qüvvə, ağır hərbi texnika, istehkam, komanda müşahidə məntəqəsi, hərbi obyektlər sarıdan ciddi itkilər verib. Bütün qoşun növlərimizin özünəməxsus xidmətləri ilə tarixi zəfərimizə töhfələr verdiyi 44 gün içində məhz qoşunlar arasında yüksək səviyyəli əlaqə, vahid komandanlıq altında birlik xüsusi rol oynayıb. Ali Baş Komandanımızın dəfələrlə vurğuladığı kimi, Ordumuz çağdaş tələblərə uyğun səviyyədə təchiz olunduğu texnika, texnologiyadan faydalanıb, lakin torpaqları azad edən, bayrağı qaldıran ƏSGƏRdir! O əsgərlərdən, topçulardan biri idi Nurlan! Adında, soyadında da keçən nuru əbədi ünvan seçən 19 yaşlı şəhid Nurlanın özü ruhu həmişə əzizdir. Onun ailəsi də bizimçün əzizdir. Şəhidimizin anası, qardaşı və digər ailə üzvləri ilə görüşdüm bugünlərdə. Ailənin məğrur duruşundan qürur duydum.
Vətən sağ olsun! Gənc övladı şəhid olan ananların məğrur durduğu ölkənin bayrağı enməz! Bayrağımız, dövlətimiz, Vətənimiz var olsun!