Qənirə Paşayeva Respublika Günü ilə bağlı virtual konfranslarda iştirak edibbackend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Respublika Günü ilə bağlı virtual konfranslarda iştirak edib və gənclərə önəmli çağırışlar edib. 

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva bugün, 28 may Respublika Günü münasibəti ilə, iki mühüm konfransda iştirak və çıxış edib.
SOCAR AQŞ-nin təşkilatçılığı ilə, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, keçmiş səfir Hülusi Kılıç, millət vəkilləri prof.dr. Hikmət Babaoğlu, prof.dr. Anar İsgəndərov və Məlahət İbrahimqızının, Azərbaycandan və qardaş Türkiyədən olan digər ziyalıların qatıldığı virtual konfransda çıxış edən Qənirə Paşayeva, 28 mayın Azərbaycan qədər Türkiyənin də əziz günü olduğunu deyib; müsəlman Şərqinin ilk cümhuriyyətinin quruculuğunu bütün türk-müsəlman xalqları üçün əlamətdar tarixi hadisə kimi dəyərləndirib.
Xanım Paşayeva bir milli gün və dövlət bayramı kimi ümumxalq məhəbbəti ilə hər il coşğulu şəkildə keçirilən bayramın bu il qlobal pandemiya ilə əlaqədar müəyyən məhdudiyyətlər çərçivəsində keçirildiyini, lakin sosial şəbəkələrin Azərbaycan və Türkiyə seqmentinin üçrəngli müqəddəs Azərbaycan bayrağı ilə süsləndiyini, İstanbulun məşhur Qalata Qülləsinin, İstanbulun hər iki yaxasını birləşdirən körpülərin Azərbaycan bayrağı rəngləri ilə bəzəndiyini minnətadrlıqla qeyd edib.
Dünya liderlərinin, o cümlədən qardaş ölkələrin dövlət, hökumət başçılarının, nüfuzlu ziyalıların, beynəlxalq qurumların başçıları tərəfindən, eləcə də, dünya azərbaycanlılarının və vətəndaşlarımızın Azərbaycan Prezidentinin ünvanına saysız-hesabsız təbrik məktubları göndərdiyini xatırladan Komitə sədri, mötəbər insanların iştirakı ilə keçirilən belə virtual konfransların da, icitmai fikrin qidalanması, qardaşlıq bağlarının güclənməsi, birliyimizin nümayişi və fikir mübadiləsi baxımından özünəməxsus dəyər daşıdığını deyib.

Bakının Binəqədi rayonunda yerləşən 283 saylı tam orta məktəbin təşkil etdiyi digər virtual konfransa məruzəçi qismində dəvət olunan Millət vəkili, təhsil işçilərimizin dövlətlə, dövlətçiliklə bağlı tarixi günlərə biganə qalmamasından məmnunluğunu dilə gətirərək, 283 saylı məktəbin həmişə özünəməxsus təlim-tərbiyə, tədris göstəriciləri, uğurları ilə seçildiyini qeyd edib. Məktəbin fədakar kollektivinin, direktor Tünzalə Zeynalovanın bu uğurlarda xüsusi roluna görə təşəkkürünü çatdıran xanım Paşayeva, öncələr də, ayrı-ayrı əlamətdar hadisələr, tarixi günlər münasibəti ilə keçirilən konfranslarda məktəbin qonağı olduğunu mənuniyyətlə xatırlayıb. Bu ilki bayram tədbirinin virtual şəkildə keçirildiyini, bununla belə, bir çox idarə və müəssislələrimiz kimi, tədris ocaqlarımızın da qlobal pandemiya dövrünün gerçəkliklərinə çevik şəkildə uyğunlaşa bildiyini, “onlayn” və “tele dərslər”, digər zəruri tədbirlərlə təhsil sahəsində boşluq yaranmadığını deyib. Komitə sədri, bu məqamın özünü də, 28 may – Respublika Gününün mahiyyətinə uyğun gəldiyini bildirib. Dövlət müstəqilliyimizin gələcəyinin bugünkü gənc nəslə nəyi və necə öyrədə biləcəyimizdən çox asılı olduğunu xatırladan Qənirə Paşayeva, 102 il öncə ilə müqayisədə bugün oxumağın, təlim-tərbiyə ilə məşğul olmağın dəfələrlə üstün imkanlara, dövlət təminatına əsaslandığını xüsusi qeyd edib. – “Deməli, müstəqilliyin verdiyi nemətlərin dəyərini bilməliyik. Dövlət müstəqilliyini elan etmiş, çox çətin tarixi təlatümlər içində bu müstəqilliyi dünya birliyinə qəbul etdirmiş qurucu babalarımız kimi, bugün dövlət müstəqilliyini dünyada, regionda cərəyan edən mürəkkəb ictimai-siyasi, hərbi gərginliklərə baxmayaraq davam və inkişaf etdirən dövlət başçımız da öz titanik səyləri ilə tarix yazır. Biləvasitə pandemiya dönəmində həyata keçirilən dövlət tədbirlərinin xalqımızın bu problemdən ən az itkilərlə çıxması üçün xüsusi əhəmiyyət daşıdığını hər birimiz görürük. Bizlərin də öz yerimizdə, məşğul olduğumuz, məsuliyyət daşıdığımız işlərdə vətəndaş məsuliyyəti hiss etməyimiz ümumi işə töhfə olmaqdadır. Bird aha hər birinizi Respublika Günü münasibəti ilə təbrik edir, hər birinizə şəxsi həyatınızda, şərəfli müəllim fəaliyyətində yeni-yeni uğurlar arzulayıram!”

İctimai.az