Qərb bölgəsinə səfərbackend

Cari ilin 22 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daşkəsən rayonunda səfərdə olarkən Azərbaycan Televiziyasına  müsahibə vermişdir.

Geniş müsahibədə Müzəffər Ali Baş Komandan dövlətimizin maraq dairəsində olan çoxsaylı daxili və xarici məsələlərə toxunmuşdur. Məlumdur ki, ölkə başçısı regionlara tez-tez səfərlər edir və görülən işlərlə yerindəcə tanış olur. Eyni zamanda istifadə veriləcək obyektlərin açılışını həyata keçirir və təməlqoyma mərasimlərində iştirak edir.

 

Prezident Naftalan şəhərində olmuş və yeni sanatoriyanın açılışını etmişdir. Bu sanatoriya   şəhərin turizm potensialının artmasında müsbət rol oynayacaqdır. Həmin sahəyə böyük investisiyalar cəlb olunub və indiyədək şəhərdə 13 mehmanxana və sanatoriya fəaliyyət göstərir. Sovet vaxtında Naftalana SSRİ-nin  müxtəlif yerlərindən ildə 50-60 min turist gəlirdi. Son 15 il ərzində görülmüş işlər nəticəsində, Naftalanda qalacaq turistlər üçün 2300-dən çox yer artıq istifadəyə verilmişdir və bu proses davam edir.

Prezident tərəfindən təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla həyata keçirilir. Belə ki, Naftalan şəhərində, Goranboy və Daşkəsən rayonlarında digər layihələr də icra edilmişdir. Yollar, içməli su xətləri çəkilmiş, xəstəxanalar və sosial obyektlər tikilmiş, iş yerləri yaradılmışdır.

Cari ilin yarımillik dövrünün iqtisadi nəticələri göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxmışdır. Əgər bu altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, yanvar ayında iqtisadi tənəzzül daha böyük rəqəmlərlə ölçülürdü. Hər ay tənəzzül azalırdı və biz may ayının yekunlarına görə bir balaca iqtisadi inkişafa nail ola bildik. Altı ayın yekunları isə bunu göstərir ki, ölkə iqtisadiyyatında 2 faiz artım vardır. Dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir.

Həmçinin ölkəmizdə qeyri-neft sektoru davamlı inkişaf edir. Yarım il ərzində qeyri-neft sənayemizdə 16,6 faiz artım olmuşdur və prosesin davam edəcəyi proqnozlaşdırılır. Kənd təsərrüfatı sahəsində artım 5,6 faiz olmuşdur. Keçən il bu rəqəm 3-3,5 faiz təşkil edirdi. əldə olunmuş nailiyyət görülmüş işlərin nəticəsidir.

Qeyd etmək lazımdır ki, Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi çox önəmli hadisədir. Çünki qeyri-neft sektorunun inkişafı üçün dağ-mədən sənayesi xüsusi perspektivlərə malikdir. Artıq dağ-mədən sənayesi qeyri-neft sektorunda aparıcı sahəyə çevrilir. Təkcə qızıl yox, digər qiymətli metalların hasilatı da Azərbaycanda bundan sonra daha geniş miqyasda öz həllini tapacaqdır.

Belə ki, Daşkəsənin ənənəvi sahəsi olan dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı konkret planlarımız vardır. Bir müddət əvvəl bu sahə ilə bağlı xüsusi proqram tərtib edilmiş və dövlət investisiya resursları cəlb olunmuşdur. Bu sahənin inkişafı nəticəsində idxaldan asılılıq kəskin şəkildə azalacaqdır.

Ölkəmizin qızıl və digər mədənləri uzun illər ərzində xarici şirkətlər tərəfindən qanunsuz istismara uğramışdır. Həmin cinayəti törətmiş şirkətlər ya bizə təzminat ödəməli, ya da bu məsələ hüquqi müstəvidə həll olunacaqdır.

Azərbaycanda infliyasiya 4.3 faizdir ki, bu da normal rəqəmdir. Yarım il ərzində valyuta ehtiyatlarımız 1 milyard dollar həcmində artmışdır. Kifayət qədər resurslarımızın olmasına baxmayaraq lazım olmayan və xeyir gətirməyən layihələrə, sadəcə, görüntü naminə görüləcək işlərə pul ayrılmayacaqdır. Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa edirik, lakin indiyə kimi kredit götürmək üçün heç kimə müraciət etməmişik. Bütün xərclər dövlətin nəzarətindədir və hər manatın qədrini bilirik.

Yarım il ərzində ümumi ixrac 15 faiz, qeyri-neft sektorunda isə ixrac 27 faiz artıb. Həmin müddər ərzində xarici ticarətin saldosu müsbət 3,4 milyard dollar olmuşdur. əgər  belə davam edərsə, ilin sonuna qədər müsbət saldo təqribən 6-7 milyard dollar olacaqdır. Pandemiya ilə əlaqədar olaraq dünya ölkələrinin əksəriyyətində saldo mənfidir. Bu valyuta məzənnəsinə mənfi təsir göstərir və  ölkələr borclanmaya gedirlər. Əksər inkişaf etmiş ölkələrdə xarici borc həmin ölkələrin ümumi daxili məhsulunun 100 faizini, bəzən də 120 faizini təşkil edir. Xarici borc 50 faiz olanda müsbət hal kimi dəyərləndirilir. Azərbaycanda isə bu rəqəm 19 faizdir. Ermənistanən xarici borcu ümumi daxili məhsulun təqribən 70 faizini təşkil edir. Azərbaycanın 52 milyard dollar valyuta resursu vardır.

Ölkədə aparılan islahatlar nəticəsində 6 ayda vergi və gömrük orqanları nəzərdə tutulandan daha çox vəsait toplayıblar. Belə ki, vergi orqanları 810 milyon manat, gömrük orqanları isə206 milyon manat əlavə vəsait toplamışlar. Sahibkarlar qanunsuz ödəmələr etməyə məcbur edilməməli, heç bir dövlət məmuru isə hansısa biznes qurumuna sahiblik etməməlidir.

Bərpa işləri sürətlə aparılır və ilin sonunadək bütün elektrik təsərrüfatı qurulacaqdır. Yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar və elektrik stansiyaları qurulacaqdır. Ermənilərin Kəlbəcər və Laçın rayonlarında onlara iki həftə möhlət veriləndən sonra yandırıb dağıtdıqları 12 su elektrik stansiyaları da bərpa olunacaqdır. 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılıq əldə olunmuşdur.

Çox vacib infrastruktur hesab olunan yol tikintisi sahəsində də kifayət qədər uğurlar əldə olunmuşdur. Bərdə-Ağdam avtomobil yolu tikilir, Zəfər yoluna, demək olar ki, sentyabr ayında asfalt döşənməsi də başa çatacaqdır. Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu, Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Füzulu-Hadrut və Füzuli-Cəbrayıl yollarında da qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir. Bu yolların ümumi uzunluğu 700 kilometrə qədərdir.

Avropa İttifaqı ilə əlaqələrimiz yüksək səviyyədədir. Iki il öncə Avropa İttifaqı Şurasının sədri cənab Donald Tusk, bu yaxınlarda isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizdə səfərdə olmuşdur. İllər keçdikcə, əməkdaşlığın həcmi də, əhatə olunan sahələr də artır. Avropa İttifaqı da burada öz müsbət rolunu oynamışdır. Çünki Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının sədri Azərbaycan və Avropa İttifaqıdır. Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir.

Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər qəbul edilib və imzalanıb. Bu ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir. Ticarət sahəsində bizim əsas tərəfdaşımız Avropa İttifaqıdır – ticarətimizin təxminən 40 faizi. İxracla bağlı da əsas tərəfdaşımız Avropa İttifaqıdır. Biz Avropa İttifaqına ildə 6,8 milyard dollarlıq ixrac edirik. İdxal isə təxminən 2,5 milyard dollardır.

44 günlük müharibə nəticəsində Azərbaycanın qazandığı Zəfər ermənilərin bütün ideoloji sütunlarını darmadağın etmişdir. Rəsmi İrəvan postmüharibə reallıqları ilə hələ də barışmaq istəmir. Onlar 30 il ərzində özləri haqqında olmazın yalanlarını uydururdular, dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların müzəffər ordusu var, yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur. Amma biz bu mifi dağıtdıq, məhv etdik və göstərdik ki, Azərbaycan xalqı müzəffər bir xalqdır.

Məlumdur ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. O vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər. Amma bu, tamamilə əsassız və süni şəkildə yaradılmış bir qurum idi. Azərbaycan parlamenti 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini qanuni olaraq ləğv edib.

Müharibədən 8 ay keçməsinə baxmayaraq ermənilər hələ də bütün minalanmış ərazilərin xəritəsini təqdim etməyib. Mina xəritələrinin Azərbaycana verilməməsi və bunun hansısa şərtlərlə verilməsi Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıq və mənəviyyatsızlıqdır. Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin və genetik düşmənçiliyin təzahürüdür.

Dünyaya demokratiy yuvası kimi təqdim olunan Avropa İttifaqı  Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayrıldığı halda, Azərbaycana heç bir vəsait ayrılmaması növbəti beynəlxalq ədalətsizliyin təzahürüdür. Indiyə kimi Cənubi Qafqaz ölkələrinə belə miqdarda vəsait ayrılmamışdır. Əslində Azərbaycana daha çox vəsait ayrılmalıdır, çünki bizim ərazilər erməni vandalları tərəfindən tamamilə dağıdılmışdır. 100 minlərlə mina döşənilmiş və bütün binalar və bütün infrastruktur məhv edilmişdir. Amma pulu  Ermənistana verirlər ki, orada nə dağıntı var, nə də mina döşənilmişdir.

Azərbaycanın sözü ilə əməli eynidir. Məlumdur ki, Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə rəsmən Azərbaycan sədrliyi öz üzərinə götürmüşdü. Qoşulmama Hərəkatının 60 illik tarixi var və bu müddət ərzində müxtəlif sədrlər olmuşdur. Lakin bəziləri buna laqeyd yanaşaraq heç bir iş görməmişlər. Bizim yanaşmamız isə çox dəqiqdir, məsuliyyətlidir və məqsədə hesablanmışdır. Məhz ona görə də, bizim sədrliyimiz müddəti yekdil olaraq daha bir il uzadılmışdır.

Pandemiya zamanı ölkəmiz kifayət qədər uğurlu siyasət aparmışdır. Belə ki, Azərbaycanın təşəbbüsü ilə COVID-lə bağlı Zirvə görüşü keçirilmiş, 30-dan çox ölkəyə humanitar və maddi yardım göstərilmişdir. Kömək edilən ölkələrin əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan ölkələrdir. Azərbaycanın təşəbbüsü ilə COVID-lə bağlı BMT Baş Assambleyasının Xüsusi sessiyası keçirilmişdir. Vaksin millətçiliyinə qarşı öz səsini ucaltmışdır.

Azərbaycan və rusiya strateji tərəfdaş olmaqla bərabər, həm də sıx dostluq əlaqələri vardır. Bu, çox önəmlidir. Hazırda yeddi yol xəritəsi üzərində işlər aparılır. Hər bir yol xəritəsi konkret sahəyə aiddir. Hər bir sahə üzrə də yaxşı nəticələr var. Nəqliyyat məsələləri ilə bağlı olan yanaşmalarda fikir ayrılığı yoxdur. Biz – Rusiya və Azərbaycan hesab edirik ki, müharibə başa çatıb, münaqişə başa çatıb. Ermənistanda heç bir revanşist meyillərə yol verilməməlidir və bundan sonra bölgədə sülh olmalıdır. Müharibə riskləri minimuma endirilməlidir və aradan qaldırılmalıdır. Bu məsələ də azərbaycan ilə Rusiya arasında hər hansı bir fikir ayrılığı mövcud deyildir.

Postmüharibə dövrü üçün bizim qısamüddətli, ortamüddətli və uzunmüddətli hədəflərimiz mövcuddur. Bu hədəflərin əldə olunması sahəsində heç bir qüvvə bizə mane ola bilməyəcəkdir.

Osmanlı Qurban

Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranlar Birliyinin Nərimanov rayon şöbəsinin sədri