Azərbaycanda Qərb Sənaye Parkı yaradılır.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Park Gəncə şəhərinin və Şəmkir rayonunun ərazisində yaradılıb.
Müəyyən edilib ki, Qərb Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Qərb Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra − Agentlik) həyata keçirir.
Qərb Sənaye Parkının fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 yüz min manat ayrılıb.
Nazirlər Kabinetinə üç ay müddətində Qərb Sənaye Parkının fəaliyyəti üçün Gəncə şəhəri Yevlax şosesində yerləşən, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş “Azəralüminium” MMC-nin istifadəsindəki dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 81.8 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini təmin etmək, Şəmkir rayonunun Könüllü kəndi ərazisində yerləşən, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 100 hektar torpaq sahəsinin təyinatının dəyişdirilərək sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi, həmçinin Prezidentin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”yə və digər normativ hüquqi aktlara uyğun olaraq Qərb Sənaye Parkının fəaliyyətinə cəlb olunması ilə bağlı zəruri tədbirlər görülməsini təmin etmək, bu Fərmanda nəzərdə tutulmuş tədbirlərin icrası barədə Prezidentə məlumat vermək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
İqtisadiyyat Nazirliyi Qərb Sənaye Parkında istehsal və emal olunan sənaye məhsulları, habelə göstərilən xidmətlər üzrə prioritet istiqamətləri iki ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməli, Qərb Sənaye Parkının ərazisində xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlər göstərilməsini təmin etmək məqsədilə Agentliyə kömək etməlidir.
Maliyyə Nazirliyinə bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.















