Qərbi Azərbaycan icması bəyanat yaydıbackend

Son günlər Mühacirətdə Qərbi Azərbaycan ( İrəvan) Respublikasının elan olunması ilə bağlı mövqeyimizi bildirsək də, Qərbi Azərbaycan kökənli insanlar Qərbi Azərbaycan İcmasına müraciət edərək sosial şəbəkələrdə çaşqınlıq yaradan fikirlər yazıldığından narahatlıqlarını bildirirlər.

İctimai.az “Yenigündəm”ə istinadən xəbər verir ki, bu çaşqınlığı aradan qaldırmaq məqsədilə Qərbi Azərbaycan İcmasının İdarə Heyəti Bəyanat qəbul etmiş, mövqeyini bir daha bildirmişdir.

QƏRBİ AZƏRBAYCAN İCMASININ
BƏYANATI

Qərbi Azərbaycan İcması – Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindən son iki yüz ildə qanlı qırğın, deportasiya və soyqırımlarla qovulmuş bütün insanların təşkilatıdır.

Bu təşkilatdakı insanları minillərdən bəri məskunlaşdıqları və zaman-zaman qovulduqları ata-baba ocaqlarına qayıtmaq kimi vahid məqsəd birləşdirir.

Biz, Qərbi Azərbaycan İcmasını yaradarkən bu məqsədə doğru irəliləməyin bütün yollarını müzakirə edərək, fəaliyyətimizdə aşağıdakı xətti qəbul etmişik və bu xətti hazırkı mövcud reallıqda həyata keçirilməsi mümkün, beynəlxalq hüquqa və beynəlxalq qanunlara uyğun olan yeganə xətt hesab edirik:

– Qərbi Azərbaycanın kəndləri və rayonları üzrə kənd və rayon icmaları formalaşdırılmaqla insanların Böyük Qayıdış uğrunda təşkilatlanması təmin edilməlidir;
– 1988-1991-ci illər qaçqınlarının qaçqınlıq statusundan irəli gələn və məcburi köçkünlərə bərabər tutulan bütün hüquqlarının bərpasına nail olunmalıdır;
– 1948-1953-cü illər deportasiyasına tarixi bəraət verilməsinə və deportasiya qurbanlarının, onların övladlarının repatriasiya (əvvəlki yaşayış yerlərinə qayıdış) hüquqlarına nail olunmalıdır;
– 1918-ci ildə İrəvan şəhərinin Azərbaycan Milli Şurası tərəfindən ermənilərə güzəştə gedilməsi məsələsinə hüquqi-siyasi qiymət verilməlidir;
– 1988-1991-ci illər qaçqınlarının öz ata-baba yurdlarına qayıdışı təmin edilməli və Ermənistana geri qayıtmış azərbaycanlı qaçqınlara Zəngəzur, Dərələyəz və ya Göyçə mahalları ərazisində Azərbaycanda ermənilərə veriləcək idarəetmə hüququ səviyyəsində idarəetmə hüququ, muxtariyyat statusu verilməsinə nail olunmalıdır.

Biz, Qərbi Azərbaycan İcması olaraq, yuxarıda qeyd olunan prinsiplər üzrə fəaliyyətimizi davam etdiririk və tarixi şəraitə uyğun tarixi torpaqlarımızda bütün haqq və huquqlarımızın bərpasına çalışacağıq.

Qərbi Azərbaycan İcmasının
Mətbuat Xidməti

İctimai.az