Antiterror əməliyyatının uğuru Azərbaycan Ordusunun gücünün, xalqımızın birliyinin və Ali Baş Komandanın düşünülmüş siyasətinin nəticəsidir
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri dövlətimizin ərazi bütövlüyünün tam bərpa olunmasında həlledici mərhələ oldu. Bu əməliyyat, yalnız hərbi baxımdan deyil, həm də siyasi və strateji nöqteyi-nəzərdən ölkə tarixində mühüm bir dönüş nöqtəsi kimi yadda qaldı.
Uzun illər ərzində işğal altında saxlanılan Qarabağ bölgəsində Ermənistanın dəstəklədiyi separatçı silahlı dəstələrin fəaliyyətləri davam edirdi. Bu qondarma rejim təxribat xarakterli addımlar ataraq, regionda sülh və sabitliyi pozmağa cəhd göstərirdi. Həmçinin, Azərbaycan Ordusuna, polis qüvvələrinə və mülki əhaliyə qarşı bir sıra mina və terror aktları həyata keçirilmişdi. Bu təhlükələrin qarşısını almaq və suveren ərazilərimizdə konstitusiya quruluşunu tam bərpa etmək məqsədilə lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi zəruri hala çevrilmişdi.
Əməliyyat ağır relyef və mürəkkəb coğrafi şəraitdə, düşmənin uzun illər ərzində qurduğu möhkəm müdafiə istehkamları fonunda həyata keçirildi. Separatçı qüvvələrin mövqeləri əsasən təpəlik, əlverişli yüksəkliklərdə yerləşirdi. Buna baxmayaraq, Azərbaycan Ordusu yüksək peşəkarlıq, qəhrəmanlıq və koordinasiya nümunəsi göstərərək cəmi bir gün ərzində bütün əsas hədəfləri ələ keçirdi.
Antiterror əməliyyatı zamanı hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla xeyli canlı qüvvə itirdi. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi. Bundan başqa, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirildi. Bu rəqəmlər Azərbaycan Ordusunun həm texnoloji üstünlüyünü, həm də strateji planlaşdırma bacarığını açıq şəkildə nümayiş etdirir.
Əməliyyat zamanı əsgərlərimizin göstərdiyi şücaət və fədakarlıq xüsusilə qeyd olunmalıdır. Mürəkkəb relyef, yüksək risk və atəş nöqtələrinin çoxluğu şəraitində belə, hərbi qulluqçularımız böyük əzmkarlıq və rəşadətlə düşmənin müqavimətini qıraraq hədəflərə çatdılar. Bu, Azərbaycan əsgərinin döyüş hazırlığı, texniki bilik və vətənpərvərlik ruhunun bariz göstəricisidir. Antiterror əməliyyatından sonra Azərbaycanın təklif etdiyi şərtlər əsasında silahlı dəstələrin tərksilah olunması, qanunsuz silahların təhvil verilməsi və reinteqrasiya prosesi başlanıldı. Bu lokal antiterror tədbirlərinin nəticəsi olaraq Azərbaycanın suverenliyi və konstitusiya quruluşu Qarabağ bölgəsində tam bərpa edildi. Separatçı qurumun hərbi və inzibati strukturları tam ləğv edildi. Ermənistanın bölgədəki hərbi varlığına son qoyuldu. Qeyri-qanuni silahlı dəstələrin böyük hissəsi tərksilah olundu və bölgəni tərk etdi. Azərbaycanın reinteqrasiya proqramına start verildi. Humanitar və sosial layihələrin icrası üçün şərait yaradıldı.
Əməliyyatdan sonra Azərbaycan hökuməti Qarabağda yaşayan erməni əhalinin hüquq və təhlükəsizliyinə zəmanət verdiyini bildirdi. Bu yanaşma bir daha göstərdi ki, Azərbaycan dövləti həm güclü, həm də humanist mövqedən çıxış edir. Əməliyyatdan sonra bəzi beynəlxalq dairələr müəyyən narahatlıqlar ifadə etsələr də, əksər hallarda bu tədbirlərin Azərbaycanın suveren ərazisində və beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirildiyi qeyd olundu. Rəsmi Bakı dəfələrlə bəyan etmişdi ki, Qarabağdakı erməni əhali Azərbaycan vətəndaşlarıdır və onların hüquqları digər vətəndaşlarla bərabər qorunacaq.
19–20 sentyabr 2023-cü il tarixli lokal antiterror tədbirləri Azərbaycanın daxili sabitliyi, ərazi bütövlüyü və regionda sülhün bərpası baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün Qarabağ artıq Azərbaycanın tam hüquqlu və sabit bir bölgəsidir. Azərbaycanın məqsədi bu bölgədə uzunmüddətli sülh, inkişaf və birlik şəraitini təmin etməkdir. Lokal antiterror tədbirləri isə bu məqsədə aparan yolda atılmış qətiyyətli və haqlı addım kimi tarixə düşdü. Bu lokal antiterror tədbiri təkcə hərbi uğur deyildi – bu, Azərbaycanın öz suveren hüquqlarını beynəlxalq hüquq çərçivəsində icra etməsi idi. Əməliyyat həm də bölgədə sülhə və əmin-amanlığa gedən yolun açılması baxımından mühüm addım oldu. Separatçılığa son qoyulması, qeyri-qanuni silahlı dəstələrin zərərsizləşdirilməsi regionda uzunmüddətli sabitliyə zəmin yaratdı. Əməliyyat beynəlxalq ictimaiyyət tərəfindən də əsasən anlayışla qarşılandı. Azərbaycanın öz daxili ərazisində konstitusiya quruluşunu bərpa etməyə yönəlmiş bu tədbiri, suveren hüquqlar çərçivəsində həyata keçirilməsi baxımından beynəlxalq hüquqa tam uyğundur.
2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinə səfər edərək, bu ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu tarixi an təkcə əraziyə nəzarətin simvolik təsdiqi deyil, həm də Azərbaycanın suverenliyinin, hüququn və dövlətçiliyinin qələbəsinin rəmzinə çevrildi. Hər bir şəhərdə bayrağın ucaldılması zamanı Prezident İlham Əliyev xalqımıza və dünyaya açıq mesaj verdi: Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub, ölkənin hər qarışı Azərbaycan dövlətinin qanuni və faktiki nəzarəti altındadır. Prezident İlham Əliyevin işğaldan azad edilmiş şəhərlərdə Azərbaycan Bayrağını ucaltdığı bu səfər həm də beynəlxalq aləmə verilən güclü mesaj idi: Azərbaycan suverenliyini tam təmin edib və bu ərazilərdə yalnız Azərbaycanın qanunları və dövlət qurumları fəaliyyət göstərəcəkdir. Bu hadisə Azərbaycanın öz daxili məsələlərini beynəlxalq hüquqa uyğun, sivil və qətiyyətli şəkildə həll etdiyini göstərdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, regionda sülh və əməkdaşlıq üçün real zəmin yaratdı.
19-20 sentyabr 2023-cü il antiterror əməliyyatı Azərbaycan tarixində qızıl hərflərlə yazılacaq hadisələrdən biridir. Bu uğurlu əməliyyat nəticəsində ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu, separatçılığa son qoyuldu və Qarabağ bölgəsində yeni bir mərhələnin – bərpa, yenidənqurma və reinteqrasiya dövrünün başlanğıcı qoyuldu. Bu əməliyyatın uğuru Azərbaycan Ordusunun gücünün, xalqımızın birliyinin və Ali Baş Komandanın qətiyyətli siyasətinin nəticəsidir. Qəhrəman hərbçilərimizin göstərdiyi fədakarlıq daim hörmət və ehtiramla xatırlanacaq.
Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi