Qeyri-neft sektorunun inkişafı üçün ölkəmizdə yeni imkanlar yaradılırbackend

Bir reallıqdır ki, bu gün sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Hər kəsə məlumdur ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsi ölkəmizdə diqqət mərkəzində saxlanılır. Regionların inkişafı, müasir iqtisadi və sosial infrastrukturun yaradılması və digər layihələr reallaşdırılır. Hal-hazırda təsdiq olunmuş bütün dövlət proqramları mərhələli şəkildə icra olunur. Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Təbii ki, dövlətin bütün təşəbbüslərinin mərkəzində duran əsas amil insan və onun sosial rifahıdır. Bütün görülən işlər insanlar üçün gözəl şərait yaradır. İnsanların yaşayış səviyyəsi yaxşılaşıb. Biznes üçün şərait yaxşılaşıb. Yeni  açılan obyektlər rayonların gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcəkdir. Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar dayanmadan şaxələnir. Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür. Bu iki istiqamət üzrə kənd təsərrüfatı inkişaf edir. Bildiyiniz kimi, aqroparklar milli iqtisadiyyatımızın perspektiv istiqamətərindən biridir. Aqroparkların üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir və məhsuldarlıq da daha yüksəkdir. Bu, təbiidir, çünki burada ən müasir aqrotexniki tədbirlər tətbiq olunur. Regionlarda böyük aqroparklar fəaliyyət göstərir və minlərlə yerli sakin bu aqroparklarda işlə təmin edilir. Bu cür yanaşma bizim bütün böyük təsərrüfatlarımızda və eyni zamanda, kiçik fermer təsərrüfatlarında tətbiq olunarsa, onda biz ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı işlərimizi tamamlamış olacağıq. Özəl sektorun kənd təsərrüfatı sahəsinə cəlb olunmasında dövlət investisiyalarının rolu əvəzolunmazdır. Bütövlükdə Azərbaycanda 50-dək aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan bir çoxu artıq fəaliyyətdədir. Ümumi investisiya qoyuluşu iki milyard manatdan çoxdur. Bu işlər özəl sektorla birlikdə görülməlidir. Dövlət həm güzəştli şərtlərlə müəyyən məbləğdə kreditlər verir, eyni zamanda, infrastruktur layihələri həyata keçirir və özəl sektor üçün şərait yaradır. Özəl sektor isə bu vəsaiti təşkil edir. Son bir neçə il ərzində kənd təsərrüfatına qoyulan vəsait iki milyard manat təşkil edir. Böyük maliyyə tutumlu avtomobil sənayesinin inkişafı üçün dövlət tərəfindən stimullaşdırıcı tədbirlər görülür. Artıq avtomobil sənayesi Azərbaycanda inkişaf edir və biz bu sahədə bir neçə ölkə ilə bərabər çalışırıq. Növbəti mərhələdə lokallaşmanı daha da artırmaq gündəlikdə duran məsələlərdən biridir.

Həmçinin, ərazilərimizin bərpası və inkişafı ümummilli məsələdir və bu işlər planlı şəkildə aparılır. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün bütün potensiallar səfərbər olunub. Minalardan təmizləmə prosesi dayanmadan davam edir. Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub. Yeni avadanlıq alınır, Minatəmizləmə Agentliyinin ştat vahidlərinin artırılması ilə bağlı Sərəncam verilib. Eyni zamanda, həm Türkiyədən, həm Rusiyadan bu sahədə kömək göstərən hərbçilər də bu işlərlə məşğuldurlar. Azərbaycan Müdafiə Nazirliyində bir neçə istehkamçı tabor yaradılıb ki, onlar da bu işlərdə fəal iştirak edirlər və bu günə qədər ən böyük sahəni məhz Müdafiə Nazirliyi təmizləyib. İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrası davam edir. Azad edilmiş ərazinin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq. Həm xətlər çəkilir, həm yeni yarımstansiyalar tikilir. Şuşa şəhəri indi elektrik enerjisi ilə tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. Bu, çox ağır bir işdir. Çünki bu infrastruktur layihəsi Murov dağlarından keçməlidir. Orada dağların hündürlüyü 3500 metrə çatır. Ölkəmizdə yol infrastrukturunun inkişafı əlavə imkanlar yaradacaqdır. Azad olunmuş ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər gedir. Bərpa işləri mərhələli və planlı şəkildə icra olunacaqdır. Kəndlərin bərpası da mərhələlərə bölünməlidir. İlk növbədə, mövcud infrastruktura yaxın olan kəndlər bərpa olunmalıdır. Bu da təbiidir, çünki həm vaxt, həm səmərəlilik baxımından bu, daha məqsədəuyğundur. Ona görə Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər verilib.

Bütün bunlardan əlavə, hava limanlarının inşası regionun daha sürətli inkişafına səbəb olacaqdır. Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə gedir və yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəkdir. Üçüncü hava limanı Laçın rayonu ərazisində inşa ediləcək. İşğaldan azad edilmiş torpaqların ərazisi 4 Lüksemburqa bərabərdir. Müharibə başa çatandan dərhal sonra bütün infrastruktur layihələrinə start verildi. Çox böyük həcmli bir işdir. Dörd Lüksemburq boyda ərazini biz sıfırdan tikməliyik, qurmalıyıq. Çünki mənfur düşmən torpaqlarda hər şeyi, bütün binaları dağıdıb. İndi bunu bütün xarici qonaqlar da görürlər. Öz gözləri ilə erməni vəhşiliyini görürlər. Bu, misli görünməmiş vəhşilikdir.

Heç şübhəsiz ki, milli maraqların təmin olunması bütün məsələlərdə mütləq prioritetdir.  Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Dünya tarixində bir çox müharibələr olub, ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik dünya müharibə tarixində olmayıb. Hətta İkinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilmirdi, dini abidələr dağıdılmırdı. Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Bu, bizim tarixi missiyamızdır – təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında. Erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur. Rəsmi İrəvan uzun illər ərzində törədiyi cinayətlərə görə məsuliyyət daşımalıdır. İşğal nəticəsində vurulmuş ziyanın hesablanması prosesi davam etdirilir, xarici mütəxəssislər cəlb edilib. Bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Bunun üçün xarici mütəxəssislər cəlb olunacaq. Bizim təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib. Milli maraqlarımızın təmin edilməsi üçün bütün lazımi addımlar atılacaqdır. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Əminliklə deyə bilərik ki, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır.

Həmçinin, qısa zaman kəsiyində “İsgəndər-M” raketləri ilə bağlı məsələlərə mütləq aydınlıq gətirilməlidir. “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Bu məsələyə aydınlıq gətiriləcək. Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır. Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir. Azərbaycan öz prinsipial mövqeyini bundan sonra da nümayiş etdirəcəkdir.

Bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır. Azərbaycanda lazım olan bütün istehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün  gözəl biznes  mühiti, siyasi sabitlik, xalq-iqtidar birliyi,    təhlükəsizlik təmin edilib, əlverişli coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar,  ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər  var. Azərbaycanda  kadr islahatları, struktur islahatları, iqtisadi islahatlar, sosial sahədə islahatlar uğurla aparılır.

Bir sözlə, bu gün qeyri-neft sektoru sürətlə inkişaf edir və hazırda ümumi daxili məhsulun 70 faizdən çoxunu təşkil edir. Prezidentimiz, cənab İlham Əliyevin də dediyi kimi, Azərbaycanın hədəfi ixracatı şaxələndirmək və ixracyönümlü qeyri-neft məhsullarının siyahısını genişləndirməkdir. Bu istiqamətdə də real uğurlar əldə edilir. Azərbaycan dövləti iqtisadi inkişafı qeyri-neft sektorunun inkişafında görür və ölkə iqtisadiyyatının dayanıqlı inkişafını müəyyənləşdirən sahələrdə islahatlar həyata keçirir. Məhz məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur və bu tendensiyanın davam etməsini şərtləndirən əlverişli investisiya-biznes şəraiti hökm sürür. Ən əsası, dövlətin qeyri-neft sektoruna dəstəyinin gücləndirilməsi iqtisadiyyatın dayanıqlı inkişafını təmin edəcək, növbəti illərdə həyata keçiriləcək çox ciddi islahatlar və dərin islahatlar vətəndaşlarımızın yaşayış səviyyəsini daha da yaxşılaşdıracaqdır!…

Yaşasın müstəqil, çiçəklənən Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına! Allah, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevi qorusun!

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi Müşfiq Əliyev