Ötən ilin iyul ayında Abşeron rayonunda “Toyota Prius” markalı avtomobillə 10 yaşlı velosipedçini vurub öldürən sürücü İlqar İmanova hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə İ.İmanov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib.
Bildirilib ki, iyulun 22-də İlqar İmanovun idarə etdiyi “Toyota Prius” markalı 99-KY-264 dövlət qeydiyyat nişanlı avtomobil velosipedlə yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Kənan Novruzovu vurub.
K.Novruzov koma halında xəstəxanaya yerləşdirilib və iyulun 25-də vəfat edib.
Azyaşlının ailəsi sürücünü bağışlamayıb və ona ağır cəza verilməsini xahiş edib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə İ.İmanova beş il bir ay həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi ərzində polisin nəzarəti altında olan şəxs məhkəmə zalında həbs edilib. Onun cəza müddətindən sonra İki il avtomobil idarə etmək hüququ da məhdudlaşdırılıb.