QHT Ağdaşda maarifləndirmə tədbiri keçirib – FOTObackend

“Leykozlu Uşaqlara Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə maarifləndirmə tədbirlərini davam etdirir.

MediaBaku.az xəbər verir ki, “Regionlarda talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklər barədə maarifləndirmə” adlı layihəsi ilə bağlı növbəti tədbir Ağdaş şəhəri Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirdə səhiyyə işçiləri, gənclər, müəllimlərdən ibarət 30 nəfər iştirak edib.

Təşkilatın sədr müavini Emin Nəbili tədbir iştirakçılarına həyata keçirilən layihə barədə məlumat verib. E. Nəbili talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklərin yayılmasının qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin aparılmasının vacibliyini qeyd edib. Layihə rəhbəri qan donorluğunun əhəmiyyətindən danışıb, hər kəsi qanvermə aksiyalarında fəal olmağa çağırıb.

Daha sonra tədbirin məruzəçisi, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin uşaq hemotologiya şöbəsinin həkim hematoloqu Nailə Babayeva talassemiya və digər irsi qan xəstəlikləri barədə iştirakçılara məlumatlar çatdırıb. Qan xəstəliklərinin müalicə və müayinəsindən, yayılma səbəblərindən danışan hematoloq Ağdaş rayonunda da qan xəstəliyinin geniş yayıldığını, genetik xəstəlikləri artıran əsas faktorların Azərbaycanda qohum evliliyin olduğunu qeyd edib.

Sümük iliyi transplantasiyası, qan donorluğu, donorların bilməli olduğu vacib məsələlər barədə danışan Nailə Babayeva tədbir iştirakçılarının müxtəlif məzmunlu suallarını cavablandırıb.