Qızıl medaldan Nobelə gedən yol – Respublikanın birincisi danışırbackend

Uğur hekayələri müxtəlifir, amma eyni olan bu yolu səbrlə və əzmlə getməkdir. Əslində, heç bir çətinlik o cümlədən pandemiya karantini istedaların yolunu kəsə bilmir. Bərdədə yaşayan Kəlbəcərdən məcbur köçkün 10-cu sinif şagirdi Hüseyn Babayevi misal çəkə bilərik. O, bu yaxınlarda keçirilən kimya üzrə respublika olimpiadasında qızıl medala layiq görülüb.

“Nəinki karantin heç bir maneə, insanı dərsdən uzaqlaşdıra bilməz, əgər yəni bir məqsədlə yola çıxmışıqsa təbi ki o məqsədə gedən yolda çoxlu maneələr çıxa bilər. Elə ən yaxşısı, uğurun ən dadlı hissəsi odur ki, biz o maneləri keçib uğura çataq. ” – bu sözləri Hüseyn kimi rahat şəkildə söyləmək üçün həyatın təcrübəsini yaşamalısan.

Babayevlər ailəsi Kəlbəcərdən məcburi köçkün düşdükdən bir neçə il sonra Bərdənin Şahvəllər kəndində məskunlaşıblar. Qəhrəmanımız Hüseyn elə bu kənddə dünyaya göz açıb. Atası deyir ki, uşaq vaxtından oxumağa çox həvəsli olub. 2016-2017-ci tədris ilində, yəni 7-ci sinifdə oxuyarkən Respublika Fənn Müsabiqəsində Kimya fənni üzrə qızıl medala layiq görülüb, 9-cu sinif buraxılış imtahanlarında yüksək nəticə göstərərək qırmızı attestat alıb.

Hazırda Dilqəm Əliyev adına tam orta məktəbinin 10-cu sinif şagirdidir. 2017-2018-ci tədris ilində isə Kimya fənni üzrə Respublika Fənn Olimpiadasında 8-ci sinif şagirdi olaraq 9-cu siniflər arasında bürünc medala layiq görülüb. 2018-2019-cu tədris ilində gümüş medal, bu il isə – qızıl medal. Onun arzusu kimya üzrə Nobel mukafatını almaqdır. İdeallarına gəlincə bunları deyir:

“Azərbaycandan Yusif Məmmədəliyev. Xaricilərdən Mendeleyevdir, Bundan başqa, fiziki kimya kitablarının müəllifləri var, məsələn Atkins, Petruti var və s. Bunlar öz sahələrinin mükəmməlidirlər, həmçinin Yusif Məmmədiyev. Onları daha çox öyrənirəm”

Hüseyn deyir ki, ilk ali təhsilini Bakıda , növbəti təhsili isə Almaniyada davam etdirməyi qarşısına məqsəd qoyub. Biz də əminik ki, Hüseyn Babayev Qarabağımızın, Azərbaycanımızın adını gələcəkdə daha uca yerlərdən, kim bilir ki, bəlkə də Nobel kürsündən şərəf və ləyaqətlə səsləndirəcək.

İctimai.az