Qızlar Məktəbinin yaranmasının 120 illik yubileyi münasibətilə tədbir keçirilib – FOTOLARbackend

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılan Qızlar Məktəbinin 120 illik yubileyi münasibətilə tədbir keçirilib.

İctimai.az xəbər verir ki, “Qızlar Məktəbi – 120” tədbirinin keçirilməsində məqsəd Azərbaycanda tarixi xeyriyyəçilik ənənələrini davam etdirmək və dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların müasir təhsil imkanlarından faydalanmalarına dəstək olmaqdır. Qeyd edək ki, tədbir 11 Oktyabr – Beynəlxalq Qızlar Gününə təsadüf edir.

Vaxtilə məktəbin açılışının keçirildiyi zalda baş tutan tədbirdə özəl sektor nümayəndələri, eyni zamanda tarixçilər, dövlət qurumları və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

Tədbir məktəbdə ilk dərs gününün keçirildiyi otaqda təşkil olunmuş muzeyin açılışı ilə başlayıb.Qonaqlar muzeydə nümayiş olunan eksponatlarla tanış olduqdan sonra xatirə kitabına təəssüratlarını qeyd ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq Qızlar məktəbinin 120 illik yubileyi, 11 Oktyabr – Beynəlxalq Qızlar Günü münasibətilə hər kəsi təbrik edib. Xatirəsini ehtiramla yad etdiyimiz, təhsili olmayan Hacı Zeynalabdin Tağıyevin qızların, qadınların təhsilinə bu qədər önəm verməsinin rəmzi məna daşıdığı, 1901-ci il 7 oktyabr tarixində açılışı olan, 50-dən artıq qızın dərsə başladığı məktəbin yubiley tədbirinin məhz Qızlar Günündə keçirilməsinin təsadüf olmadığı qeyd edilib.

Komitə sədri, qızların bərabər imkanlar daxilində inkişafı, təhsil alması, iqtisadi-sosial həyatda öz yerini tutması, hüquqlarının qorunmasının cəmiyyətin inkişafındakı önəminə diqqət çəkərək, H.Z.Tağıyevin səylərinin boşa getmədiyini, Azərbaycan qadınlarının təhsil alaraq, ictimai-siyasi fəaliyyətə qoşulduqlarını, sərgilər açıb, jurnallar nəşr etdirdiklərini, xeyriyyə təşkilatları yaratdıqlarını, daha sonra Azərbaycanda müstəqil dövlət quruculuğu prosesinə qoşulduqlarını deyib.

Dövlət siyasətində qadın iştirakçılığına, onların hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə diqqəti və qayğısından bəhs olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edildiyi bir vaxtda işğaldan azad edilən torpaqlarımızda da bu fəaliyyətin uğurla davam etdiriləcəyinə, bu sahədə nəinki dövlət qurumlarının, eləcə də özəl sektorun, vətəndaş cəmiyyətinin fəal iştirak edəcəyinə inam ifadə olunub.

Təhsil naziri Emin Əmrullayev öz çıxışında Qızlar məktəbinin nəinki Azərbaycanda, bütün müsəlman Şərqi tarixində böyük təhsil hadisəsi olduğunu, qızlarımızın dünyəvi təhsilə cəlb ediməsinə təkan verdiyini qeyd edib. Bu hadisənin ildönümündə bu günümüz və gələcəyimiz haqqında danışmalı olduğumuzu qeyd edən nazir, 120 il əvvəl ilk müsəlman qızın bu məktəbə gəlməsinin cəmiyyət tərəfindən nə qədər çətin və ağlasığmaz bir fikir kimi qarşılandığını, keçən 120 il ərzində qürurla qeyd edə biləcəyimiz hadisələr yaşandığını deyib.

Qürurverici məqamlardan bəhs edərkən qızların təhsilə cəlb olunmasında dövlət tərəfindən yaradılan imkanlar, eləcə də təhsil sistemi və hüquqi nöqteyi-nəzərdən bir çətinliyin olmadığı diqqətə çatdırılıb. Eyni zamanda qadınların təhsildə iştirakçılığı, eləcə də peşə seçimi sahəsində mövcud problemlərə toxununan Emin Əmrullayev, bu istiqamətdə görülən işlərin yaxın gələcəkdə nəticə verəcəyini vurğulayıb.

Tədbirə ev sahibliyi edən Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, onlarla belə məktəbin yaranmasına səbəb olan Qızlar məktəbinin Azərbaycanda qızların təhsil almasının əsasını qoyduğunu, təhsilimizin bu səviyyəyə gəlib çatmasına öz töhfəsini verdiyini qeyd edib.

Bu binanın Əlyazmalar İnstitutuna verilməsi, eyni zamanda Əlyazmalar Fondunun İnstituta çevrilməsinin Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən akademik möhtərəm Prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin də qayğı və diqqəti sayəsində İnstitutun şəraitinin yaxşılaşdırıldığını bildirib. Hazırda İnstitutda saxlanılan 40 mindən artıq eksponatın 12 mindən çoxunun ərəb, fars və türk dillərində əlyazmalar olduğu bildirilib.

Tədbirin davamında AMEA Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarov, araşdırmaçı Fuad Axundov, tarix elmləri doktoru Lətifə Əliyeva çıxış edərək Qızlar məktəbi ideyasının formalaşması, məktəbin yaranma tarixi və cəmiyyətimizin inkişafında oynadığı mühüm roldan bəhs edərək, bu gün qızlarımızın sosial və ictimai həyatın bütün sahələrində iştirak etmək imkanlarına sahib olduqlarını vurğulayıblar.

Daha sonra tədbir çərçivəsində aztəminatlı ailələrdən olan tələbə qızlara dəstək göstərmək məqsədilə təşkil olunan “Gənc Qızların Təhsilinə Dəstək” kampaniyasına cəlb edilən 14 tələbəyə sertifikatlar təqdim edilib. Sahibkarlar(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov kampaniyaya qoşulan 14 özəl təşkilat adından gəncləri təbrik edərək, təhsil həyatlarında uğurlar arzu edib, ölkəmizin inkişafına töhfə verəcəklərinə inamını ifadə edib.

Sonda tələbə qızlar adından çıxış edən Zümrüd Piriyeva tədbir təşkilatçılarına təşəkkürünü bildirib, bu il ali təhsil həyatına qədəm qoyan bütün gənclərə uğurlar arzu edib.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.