Qubadakı güclü yanğının qarşısı alındı – YENİLƏNİBbackend

Quba rayonunun Qalxun kəndində baş verən yanğının qarşısı alınıb.

Bu barədə İctimai.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Qalxun kəndində ən yaxın Yanğından Mühafizə Hissəsindən 60 km-dən artıq məsafədə mürəkkəb relyefə malik və çətin keçilən yolları olan ucqar dağlıq ərazidə ot tayasının yanması və yanğının evlərə keçməsi ehtimalı nəzərə alınaraq, Fövqəladə Hallar Nazirliyinin  Dövlət Yanğından Mühafizə Xidməti ilə yanaşı Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal Regional Mərkəzi, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri yanğın yerinə cəlb olunub. Bundan başqa nazirliyin Aviasiya dəstəsinin iki ədəd helikopteri hadisə yerinə cəlb edilib.

Görülmüş tədbirlər nəticəsində yanğının daha geniş əraziyə yayılmasının və daha böyük itkilərin qarşısı alınıb. Hadisə nəticəsində sahəsi müvafiq olaraq 100 kv.m. və 80 kv.m. olan iki ədəd ev, sahəsi 100 kv.m. olan digər evin 30 kv.m. hissəsi, ümumi sahəsi 120 kv.m. olan altı ədəd tövlə və dörd ədəd ot tayası yanıb. Ətrafdakı evlər, tövlə və ot tayaları yanğından mühafizə olunub.

İctimai.az