“Region gənclərinin sosial-psixoloji maarifləndirilməsi marafonu”nun sonuncu tədbiri baş tutubbackend

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində “Region gənclərinin sosial-psixoloji maarifləndirilməsi marafonu” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.

15 oktyabr 2025-ci il tarixində Gəncə Dövlət Universitetində baş tutan tədbirin açılışında çıxış edən Gəncə Dövlət Universitetinin Baş Müşaviri Asif Cavadov tədbir iştirakçılarını salamlayaraq, bu kimi tədbirlərin gənclərin gələcək həyatlarına təsirləri barədə məlumat verib, Gəncə Dövlət Universitetinin rəhbərliyinin hər zaman gənclərin sosial, psixoloji istiqamətində həyata keçirilən tədbir və layihələri dəstəklədiyini bildirib.

Layihə rəhbəri Rəşad Bayramov çıxış edərək tədbirin məqsəd və vəzifələrini təqdim edib. Rəşad Bayramov eyni zamanda layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər və gənclərə təqdim olunan “Gənclik və düşüncə” adlı kitabçanın əhəmiyyətini vurğulayıb.
Çıxış edən Gəncə Dövlət Universitetinin psixologiya kafedrasının müdiri Zümrüd Cavadova layihənin əhəmiyyətindən bəhs edərək gənclərin sosial, psixoloji maarifləndirməsinin vacibliyini vurğulayıb, bu kimi tədbirlərin regionlarda keçirilməsini dəstəklədiyini bildirib və davamlı olmasını söyləyib.

“Loqos” Psixoloji və Nitq Mərkəzinin Gəncə filialının psixoloqu Ruziyə Məsimova çıxış edərək gəncləri ən çox narahat edən psixoloji mövzularda öz fikirlərini bölüşüb və bu istiqamətdə mümkün həll yolları barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, layihə çərçivəsində Quba, Biləsuvar, Lənkəran, Beyləqan, Qazax, Gəncə şəhər və rayonlarında 6 tədbir keçirilib və ümumilikdə 300-dən çox yeniyetmə və gənclər bu tədbirlərdə iştirak edib, 280 ədəd “Gənclik və düşüncə” adlı kitabça onlara paylanılıb.