Regionda yaranan yeni mənzərənin əsaslarından biri də Azərbaycan və Türkiyə strateji münasibətləridirbackend

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının keçirilməsi olduqca əhəmiyyətli hadisədir. Xalqlarımız bu mötəbər fetivalı qürurla izlədi. Qardaş ölkələrin qırıcıları Bakı səmasından xalqımıza fəxarət hissi yaşatdı, düşmənə isə ciddi mesaj verdi. Festival bütün dünyaya bir daha Azərbaycan və Türkiyənin birliyini, hər iki ölkənin gücünü göstərdi. Son bir neçə ildə iki qardaş ölkənin birgə iştirakı ilə dünyaya səs salan bir neçə layihələr keçirilib. Bunların hər biri Azərbaycan-Türkiyə birliyinə, eyni zamanda gücümüzün nümayiş edilməsinə fokuslanıb. Regionda yaranan yeni mənzərənin əsaslarından biri də Azərbaycan və Türkiyə strateji münasibətləridir. Qardaş Türkiyənin hər zaman yanımızda olması isə gücümüzə güc qatıb.

Mayın 28-də Azərbaycan və Türkiyə Prezidentlərinin “TEKNOFEST Azərbaycan”da iştirakı, onların səsləndirdiyi fikirlər və digər hadisələr mühüm xarakter daşıyır və kifayət qədər yaddaqalan oldu. Qardaş dövlətlərin başçıları çıxışlarında xalqımızın böyük marağına səbəb olan mövzulara toxunmuş, Azərbaycan-Türkiyə qardaşlığını bir daha yüksək səviyyədə bəyan etmiş, bütün dünyaya ciddi mesajlar vermişlər. Prezidentlərin toxunduğu məsələlərə diqqət çəkəndə festivalın həm də rəmzi mənası aydın şəkildə hiss olunur.

Prezident İlham Əliyev və qardaş Türkiyənin Pezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104 illiyi, böyük tarixə söykənən qardaşlıq, diplomatik əlaqələrimizin 30 illik yubileyi, müttəfiqlik zirvəsi, Qarabağ Zəfəri, sülh və dayanıqlı sabitliyin təmin olunması və digər bir sıra məsələlərlə bağlı fikir bildirdilər. Düşünürəm ki, onların toxunduğu bu nüansları ciddi tapşırıq kimi analiz etməli, icrası üçün var gücümüzlə çalışmalı və bütün bunların öhdəsindən gəlməliyik. Nə qədər ki, Azərbaycan-Türkiyə birliyi davam edəcək, durmadan birgə inkişafa nail olacağıq. Bu birlik hər zaman özünü göstərəcək. Çünki, “Bir millət, İki dövlət” prinsipini üstün tutan xalqlarımız arasında kifayət qədər mənəvi bağlılıq var.

Festivalda baş verən əsas hadisələrdən biri də dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın iştirakı idi. Cənab Prezident də türk dünyasının böyük oğullarının Azərbaycanda bir araya gəlməsini əlamətdar hadisə adlandırdı. Onların nümunəvi çıxışları yeniyetmə və gənclərimizdə böyük marağa səbəb oldu.

Prezident İlham Əliyevin də dediyi kimi, “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır. Əminəm ki, yaxın gələcəkdə ölkəmizdən də dünya elminə, texnologiyasına yeni-yeni ixtiralar təqdim edən gəncərimiz çıxacaq.

Şahin İsmayılov,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü