Rusiya Ermənistana nota verdibackend

Rusiya səfirliyi İrəvandakı “Surmalu” ticarət mərkəzində baş verən partlayışda Rusiya strukturlarının əli olması ilə bağlı ittihamlardan sonra Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.

Səfirlik bununla bağlı bəyanat yayaraq İrəvandakı ticarət mərkəzində baş vermiş faciədə Rusiya strukturlarının əli olması ilə bağlı ittihamlardan hiddətləndiyini bildirib.

Rusiyanın diplomatik missiyasının “Facebook”dakı səhifəsində bəyanatın tam mətni yerləşdirilib:

“Biz yerli informasiya məkanında bu il avqustun 14-də “Surmalu” ticarət mərkəzinin ərazisindəki faciədə əli olması ilə bağlı Rusiya strukturlarına qarşı şişirdilmiş, qərəzli, kin dolu və yalan ittihamlardan hiddətləndik.

Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar, o cümlədən lazımi ictimai açıqlamalar gözləyirik.

Müvafiq nota səfirlik tərəfindən Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilib.

Qeyd edək ki, Rusiya-Ermənistan Humanitar Reaksiya Mərkəzinin timsalında Rusiya tərəfi faciənin nəticələrinin aradan qaldırılması işlərinə ilk dəqiqələrdən cəlb olunub”.