Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Saatlı Rayon İcra Hakimiyyəti və “Prime Cotton” MMC-nin birgə təşkilatçılığı ilə Saatlı rayonunda Aqrar Biznes və “Pambıq Festivalı” keçirilib. Bu tədbir cari il ərzində regionlarda təşkil olunan 15-ci məhsul festivalıdır.
Festivalın əsas məqsədi pambıqçılıq sahəsində istehsal zəncirinin bütün mərhələlərində -toxumçuluqdan yığım və emala qədər – əməkdaşlığın gücləndirilməsi, fermerlərin müasir texnologiyalarla tanış edilməsi, ixrac yönümlü istehsalın təşviqi və regionda aqrar sahibkarlığın inkişafına dəstək verilməsidir. Bununla yanaşı, festival kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlar arasında əlaqələrin genişləndirilməsi, yeni tərəfdaşlıqların yaradılması və yerli məhsulların tanıdılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində mövsümün 14-cü və sonuncu Toxum sərgi-satış yarmarkası keçirilib. Yarmarkada bölgənin torpaq-iqlim şəraitinə uyğunlaşdırılmış “Qobustan”, “Əsgəran”, “Mətin”, “Maurizio”, “Qadio” buğda sortları, eləcə də “Qarabağ 22”, “Dəyanətli”, “İosif”, “Günəş” və “Finola” arpa sortları təqdim olunub. Fermerlərə bu sortların məhsuldarlıq, xəstəliklərə davamlılıq və keyfiyyət göstəriciləri barədə ətraflı məlumat verilib.
Festivalın rəsmi açılış mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyyətinin sədri Orxan Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, “Prime Cotton” MMC-nin icraçı direktoru Rövşən Mahmudov, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədr müavini Fuad Məmmədov, “Taş Obası” MMC-nin direktoru Özay Göküş, “Prime Cotton” sirketinin Neftcala, Saatli flilallarinin direktoru Bahəddin Leysanov çıxış ediblər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyyətinin sədri Orxan Məmmədov çıxışında qeyd edib ki, regionlarda keçirilən festivallar və sahibkarlıq yönümlü tədbirlər kiçik və orta biznesin, xüsusilə də aqrar sahədə fəaliyyət göstərən fermer və istehsalçıların inkişafında mühüm rol oynayır.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında bildirib ki, ölkə üzrə keçirilən məhsul festivalları yalnız satış və sərgi məkanı deyil, eyni zamanda innovativ ideyaların paylaşılması, yeni biznes modellərinin formalaşması üçün platforma rolunu oynayır. Onun sözlərinə görə, fermerlər və sahibkarlar bu festivallar vasitəsilə tədarükçülərlə, maliyyə qurumları və texnologiya şirkətləri ilə birbaşa təmas qurmaq imkanı əldə edirlər.
“Prime Cotton” MMC-nin icraçı direktoru Rövşən Mahmudov şirkətin pambıqçılıq sahəsində gördüyü işlərdən danışaraq bildirib ki, məqsəd pambığın keyfiyyətli şəkildə emal olunması, dünya standartlarına uyğun məhsulların istehsalı və ixracın artırılmasıdır.
Festival çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları, o cümlədən Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu da yaxından iştirak edib.
Festivalda müxtəlif kənd təsərrüfatı məhsul və texnologiyaları, həmçinin pambıqçılıqda geniş istifadə olunan kənd təsərrüfatı texnikaları və aqreqatlar geniş şəkildə sərgilənib.
Həmçinin 3–4 noyabr tarixlərində Saatlı rayonunda “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində keçirilən “Bootcamp” iştirakçıları öz məhsul və prototipləri ilə festivalın startap zonasında təmsil olunublar.
Tədbir zamanı pambıqçılıq sahəsində uzun illər fəaliyyət göstərən və əməyinə görə seçilən mütəxəssislər “Prime Cotton” MMC tərəfindən təşəkkürnamələrlə təltif olunublar.
Qeyd edək ki, festivalın media tərəfdaşı “Biznes Mərkəzi Klubu”dur.




















