Sabunçuda şəhid anasının evi sökülməsi ilə bağlı AÇIQLAMAbackend

Vətən müharibəsi şəhidi Sübhan Abdurahmanlının anası Mehriban Abdurahmanlıya məxsus ev sökülüb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Şəhidin anası iddia edib ki, evi Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən sökülüb.

Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Ramanı qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, şəhidin anası Mehriban Abdurahmanlı tikinti işləri aparan hansısa dələduzun toruna düşüb:

“Bizdə olan məlumata əsasən, qeyd olunan tikili Amil Əliyev adlı bir şəxsindir. Belə ki, həmin şəxs köhnə yarımçıq tikilidə şəhid ailəsi adından istifadə edərək, orada ev yox, qeyri-yaşayış sahəsi – obyekt tikmək istəyir.

Torpağın hər hansı bir sənədi olmadığından bizim tərəfimizdən inşası dayandırılıb. Məlumata görə, tikintiyə icazə almaqdan ötrü şəhid anasına 1000 manat pul verib. Ümumiyyətlə, o xanım bu günə kimi bir neçə nəfərə himayədarlıq edib, qanunsuz tikintilərə icazə almaq istəyib.

Həmin xanım dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olub və ona izahat verilib ki, həmin ərazi kənd təsərrüfatı təyinatlıdır, Abşeron rayonun tabeliyindədir və orada tikinti işlərinin aparılmasına icazə verilməsi səlahiyyətimizdə deyil.

M.Abdurahmanlıya bildirilib ki, onun özünə məxsus qanuni sənədləri olan torpaq sahəsində tikinti apardığı təqdirdə, tikintisinə də köməklik göstəriləcək. Lakin M.Abdurahmanlı bu sözlərə məhəl qoymayaraq, tikintiyə başlayıb, ərazidə tikintiyə maneə olmağa çalışan əməkdaşımızı təhqir edib, həyat yoldaşı ilə birlikdə onu döyüblər”.

“Əgər kimsə dövlətin qayğısından, şəhid ailəsi statusundan sui-istifadə edirsə, hansısa dələduza, qanunsuzluq etmək istəyən şəxsə himayədarlıq edirsə, biz ona göz yuma bilmərik. Son olaraq onu da nəzərinizə çatdırırıq ki, bütün şəhid ailələri bizim başımızın tacıdır.

Bizə də tapşırılıb ki, onlara yüksək səviyyədə diqqət göstərək, hər hansı bir çətinlik çəkmələrinə imkan verməyək. M.Abdurahmanlıya dövlət tərəfindən Ramanı qəsəbəsində şəhid ailəsi kimi sosial evlərdən 3 otaqlı mənzil verilib. “YAŞAT” Fondundan ümumilikdə 8 190 manat maddi yardım edilib. Ümumiyyətlə, bizim rayonda şəhid ailələrinə 400-dən çox mənzil ev verilib”, – deyə o qeyd edib.