Sabunçuda YANĞIN: 22 nəfər təxliyə edildibackend

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

İctimai.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 46kv.m. olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10kv.m sahədə yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində dördü uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.