“Sağlam Həyat Üçün Gənclərin Təkrar Emal Sərgisi” adlı layihə uğurla həyata keçirildibackend

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Sağlam Həyat Uğrunda Gənclərin İctimai Birliyi”nin təşkilatçılığı ilə həyata keçirilən “Sağlam Həyat Üçün Gənclərin Təkrar Emal Sərgisi” layihəsi uğurla başa çatdı.

Layihənin əsas məqsədi tullantıların səmərəli idarə olunması və təkrar emal anlayışının gənclər arasında təşviq edilməsidir. İki gün davam edən tədbir çərçivəsində iştirakçılar təbiətdə ziyanlı və ya istifadəyə yararsız hesab edilən əşyaları zərərsiz və faydalı məhsullara çevirmək üçün müxtəlif yaradıcılıq nümunələri hazırladılar.

“Upcycling” adlanan bu yanaşma – dünyada geniş yayılmış, lakin ölkəmizdə hələ də geniş tanınmayan bu təkrar istifadə forması – layihə iştirakçılarının əl işlərində öz əksini tapdı. Gənclər tərəfindən hazırlanmış məhsullar sərgi formatında nümayiş olundu və onların ideyaları kreativ təqdimatlarla ictimaiyyətə çatdırıldı.

Sonda, hazırlanan əl işləri arasında ən kreativ, ən faydalı və ətraf mühitə ən az ziyan vuran nümunələr seçilərək qaliblər mükafatlandırıldı. Tədbir gənclərin ekoloji məsuliyyətini artırmaqla yanaşı, onların innovativ düşüncələrini sosial təşəbbüsə çevirməsinə geniş imkan yaratdı.