Şahin İsmayılov: Azərbaycan elminin müasir çağırışlara cavab verən inkişafı dövlət siyasətinin prioritetidirbackend

Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu MÜASİR müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə bütün istiqamətlərdə hərtərəfli, uzunmüddətli tərəqqisini davam etdirir. Ötən illər ərzində ictimai həyatın bütün sahələrində olduğu kimi, elm və təhsilin müasir standartlar səviyyəsində təkmilləşdirilməsi, tədqiqat və tədrisin məzmunca yenilənməsi istiqamətlərində də əsaslı addımlar atılıb. Bu gün Azərbaycan elmi ölkəmizdə gedən dayanıqlı inkişaf proseslərinin mühüm tərkib hissəsini təşkil edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov söyləyib.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasına uyğun olaraq, ölkəmizdə elmin inkişafına xüsusi diqqət ayrıldığını söyləyən Şahin İsmayılov deyib ki, dövlətimizin başçısı bütün istiqamətlərdə olduğu kimi, bu sahədə də Ümummilli Liderin siyasətini uğurla davam etdirib. Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında qeyd etdiyi kimi, son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artırılıb, Akademiyanın maddi-texniki bazası möhkəmləndirilib, şəhərciyində yerləşən binaların təmiri aparılıb və bir sıra digər addımlar atılıb. Bu xüsusda, 2009-cu ildə yaradılan Elm Fondunun təsis olunmasının önəmini qeyd etmək istərdim. Bu qərar ölkənin elmi potensialının gücləndirilməsi, elmi fəaliyyətin stimullaşdırılması və innovasiyalı inkişafın təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır.

“Azərbaycan Prezidentinin ölkəmizin milli maraqlarına əsaslanan məqsədyönlü, nəticəyə hesablanmış siyasəti ölkəmizin dayanıqlı inkişafını təmin edərək, şanlı zəfərlərin qazanılmasına əsaslı zəmin yaratdı. Son on il ərzində Azərbaycan tarixi qələbələr qazanaraq, ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdi, iqtisadi dayaqlarını daha da gücləndirdi, beynəlxalq mövqelərini daha da möhkəmləndirdi. Bu gün isə qlobal müstəvidə baş verən proseslərə uyğun olaraq, inkişafının yeni mərhələsində inamla addımlayır. Bu xüsusda, Azərbaycanda süni intellektin inkişafı və tətbiqi, rəqəmsallaşma istiqamətində mühüm addımlar atılır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, rəqəmsallaşma ölkəmizdə geniş miqyasda tətbiq edilir və fayda verir”, – deyə komitə sədri vurğulayıb.

Elmi araşdırmaların innovativ texnologiyaların formalaşmasına, milli təhlükəsizliyin möhkəmləndirilməsinə və müdafiə sənayesində müasir həllərin tətbiqinə şərait yaratdığını deyən Şahin İsmayılov qeyd edib ki, alimlərimizin bilik və təcrübəsi rəqəmsal transformasiyanın sürətləndirilməsi, süni intellekt əsaslı idarəetmə modellərinin yaradılması, kibermühitin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu istiqamətlərdə elmi-tədqiqat fəaliyyətləri Azərbaycanın elmi və texnoloji inkişafının təmin olunmasına mühüm töhfə verəcək.