Şahin İsmayılov: “Azərbaycan qalib dövlətdir və bununla hamı, o cümlədən həmsədrlər hesablaşmalıdırlar”backend

Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra qarşıda dayanan əsas vəzifə regionda dayanıqlı sülhü təmin etməkdən ibarətdir.

İctimai.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun noyabrın 10-da Parisdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşü ilə bağlı “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov bildirib.

Ş.İsmayılov qeyd edib ki, 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupu Ermənistanın işğalçılıq siyasətinə son qoyulması istiqamətində əməli addım atmayıb, əksinə, davranışları, sərgilədiyi mövqe ilə erməniləri daha aqressiv olmağa həvəsləndirib. Ona görə də, ötən il Azərbaycan öz gücünə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirərək ərazilərini işğaldan azad etdi. Azərbaycan qalib dövlətdir və bununla hamı, o cümlədən həmsədrlər hesablaşmalıdırlar. 44 günlük Vətən müharibəsindən sonra cəmiyyətdə belə bir sual yaranıb ki, biz torpaqlarımızı işğaldan azad etmişiksə, Minsk qrupuna ehtiyac varmı? Azərbaycan Prezidenti İlham Əliyev də Minsk qrupunun fəaliyyəti ilə bağlı dövlətimizin mövqeyini aydın şəkildə ifadə edib. Yəni, həmsədrlər iki dövlət arasında sülh sazişinin imzalanması üçün töhfə verəcəklərsə, buyursunlar. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi başa çatıb və həmsədrlər əvvəllər olduğu kimi yenə də köhnə məsələlərə qayıtmamalıdırlar. Şübhəsiz ki, Fransada baş tutmuş görüşlərdə də nazir Ceyhun Bayramov dövlətimizin mövqeyini ifadə edib.

Millət vəkilinin fikrincə, ölkəmiz diplomatik müstəvidə qələbəmizin möhkəmlənməsi istiqamətində mühüm addımlar atır. Bu baxımdan, keçirilən bu görüş də önəmlidir.