Şahin İsmayılov: Azərbaycan-Türkiyə birliyi regionda sülhün qarantıdırbackend

Dərin tarixi kökə malik Azərbaycan-Türkiyə dostluq və qardaşlığı dünyada birlik, güc nümunəsidir. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. Bundan əvvəl dövlət başçılarının Şuşada baş tutan görüşündə tarixi Şuşa Bəyannaməsi imzalanmışdı. Bu görüş həm də Şuşa Bəyannaməsinin müddəalarının uğurla həyata keçirilməsinin sübutudur. Qardaş dövlətlərin birgə fəaliyyəti çərçivəsində görülən işlərin hər biri mühüm siyasi hadisədir.

İctimai.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat bildirib ki, qardaş Türkiyə Prezidentinin işğaldan azad edilən torpaqlarımıza növbəti səfərini bir neçə əsas məsələ ilə şərh edə bilərik. Bunlardan birincisi Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanan şəxs dövlət və xalq səviyyəsində yüksək dəyər verilən qardaş ölkənin Prezidenti oldu. Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi, dövlət başçıları tərəfindən hava limanının rəmzi açılışını bildirən lentin kəsilməsi və hava limanının rəmzi açarlarının hər iki dövlət başçısına təqdim olunması da məhz iki qardaşın bir-birinə göstərdiyi yüksək diqqət və dəyərin ölçüsüdür. İkincisi ondan ibarətdir ki, qardaş dövlətlərin prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoymaqla, həm də Zəngəzur dəhlizinin əsasını qoymuş oldular. Bu da öz növbəsində Naxçıvan, oradan isə Türkiyə ilə avtomobil nəqliyyatı ilə birləşməyimizi təmin edəcək. Bu hadisə olduqca əhəmiyyətli təməlqoyma mərasimi olmaqla mənəvi və iqtisadi perspektivləri ehtiva edir. Zəngilan rayonunda “Dost Aqropark”ın təməlinin qoyulması, dövlət başçılarının burada ilk çinar ağacı əkməsi, Anadolu Agentliyinin Vətən müharibəsini özündə əks etdirən fotosərgisi ilə tanışlıq, qardaş ölkənin Prezidentinin ön sözünü yazdığı və Anadolu Agentliyi tərəfindən hazırlanan “Qarabağ Zəfəri” kitabını müzəffər Ali Baş Komandanımıza təqdim etməsi və səfərin proqramına daxil olan bütün fəaliyyətlər sarsılmaz birliyi göstərən amillərdəndir. Səfər çərçivəsində açılış və təməlqoyma mərasimləri, eyni zamanda, görülən işlərlə tanışlıq böyük rəmzi məna daşıyır. Füzuli aeroportunun açılması, həmçinin Azərbaycanın qısa zamanda gördüyü böyük işlərin göstəricisidir. Bir ildən qısa zamanda tikilib istifadəyə verilən hava limanı, həmçinin işğaldan azad olunan digər ərazilərimizdə görülən nəhəng işlər bir tərəfdən Azərbaycanın gücünü göstərirsə, digər tərəfdən də gələcəkdə bu bölgələrin regionun iqtisadi mərkəzlərindən birinə çevrilməsinin anonsunu verir. Düşünürəm ki, aeroportun açılması bu bölgələrimizə xarici investisiyaların gəlməsini də sürətləndirəcək.

“Azərbaycan və Türkiyə birliyinin fonunda dövlət başçılarının göstərdiyi səylər bütün türk dünyası üçün inam, güc və əzm, antimilli qüvvələr üçün qorxu və təşviş, bəzi dairələrə isə açıq mesajdır. Bütün dünya Azərbaycan və Türkiyə qardaşlığını təcəssüm edən “Bir millət, iki dövlət” milli konsepsiyasının bəşəri missiya olduğunu görür. Azərbaycan-Türkiyə birliyi regionda sülhün qarantıdır”, – deyə Şahin İsmayılov vurğulayıb.