Şahin İsmayılov: “Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir”backend

Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan, yaralanan, zərərçəkən insanların sosial müdafiəsi istiqamətində bütün resursularından istifadə edir. Bu sahədə işlər hər il artan xətt üzrə inkişaf edir. Ötən illərdə olduğu kimi bu il də biz bu sahədə çox böyük işlərin şahidi oluruq. Koronavirus pandemiyası bütövlükdə dünya iqtisadiyyatına, o cümldən, Azərbaycan iqtisadiyyatına da mənfi təsirlər göstərmişdir. Buna baxmayaraq, ölkə prezidenti cənab İlham Əliyev bu il də ölkəmizdə heç bir sosial layihənin dayandırılmayacağını elan etdi. Bu bir daha ölkə başçısının Azərbaycan insanına verdiyi dəyərin göstəricisidir. Ölkə başçısının bir başa diqqəti ilə son illər ərzində 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Bu il ərzində də 1500 şəhid ailəsinin mənzillərlə təmin edilməsi nəzərdə tutulmuşdur. Xüsusi qeyd etmək lazımdır ki, bu mənzillər həmçinin yüksək səviyyədə təmir olunaraq vətəndaşlarımızın ixtiyarına verilir. Bundan başqa, bu il 400 avtomobilin verilməsi də nəzərdə tutulmuşdur ki, düşünürəm bu da öz-özlüyündə kifayət qədər böyük rəqəmdir. Sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunmaqdadır.
2020-ci ildə il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcəkdir. Sevindrici hal ondan ibarətdir ki, dövlətin bu sahədə gördüyü işlərə özəl şirkətlər də dəstək verməkdədir. Yerli şirkətlərimizdən olan “Kapital Bank” bu il 68 mənzili öz vəsaiti hesabına inşa edərək bu qrupdan olan insanlara təqdim etmişdir. “Pasha Holding” isə Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edib və orada artıq 4 minə yaxın ailə məskunlaşmışdır. Bu, həm də çox gözəl bir həmrəylik nümunəsidir.
Ötən il biz həmçinin müavinətlərin artırılmasının da şahidi olduq. Belə ki, şəhid ailələrinin müavinəti 20 faiz, köçkünlər üçün müavinətlər 50 faiz, bəzi müavinətlər isə 100 faiz artırılıb. Bu il isə pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artıb. Bu il 90 min insanın ödənişli ictimai iş yerləri ilə təmin edilməsi nəzərdə tutulmuşdur. Qlobal pandemiya dövründə də Azərbaycan dövləti öz daxili imkanları hesabına əhalinin sosial həssas qruplarına, həmçininin sahibkarlara kifayət qədər böyük dəstək göstərmişdir. Eyni zamanda yeni modul tipli xəstəxanalar tikilmiş, xəstələr dərmanlarla təmin edilmiş, bir neçə xarici ölkədən mütəxəssislər, həkimlər ölkəmizə dəvət edilmişdir.
Azərbaycan dövləti öz vətəndaşlarının qayğısına hər zaman qalır və bu istiqamətdə işlərin miqyası hər il genişlənir. Bu da təsadüfi deyil. Çünki, Azərbaycanda ölkə siyasətinin mərkəzində Azərbaycan vətəndaşına qayğı durur. Hər bir ölkə vətəndaşı bu və ya digər formada Azərbaycan vətəndaşının qayğısını hiss edir. Bunun üçün isə güclü iqtisadiyyat, siyasi iradə və vətənə sevgi gərəkdir. Biz bütün bu xüsusiyyətləri ölkə preizdenti cənab İlham Əliyevin timsalında görürük.

Milli Məclisin deputatı, Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov

İctimai.az