Şahin İsmayılov: Bu görüş böyük bir rəmzi məna daşıyırbackend

Məlum olduğu kimi, iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun şəxsi heyətinin nümayəndələri ilə görüşüb və çıxışında bir çox məqamlara toxunub.

 

İctimai.az Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılovun ölkə başçısının  bu görüşü və çıxışında toxunduğu məsələlərlə bağlı bölüşdüyü fikirlərini təqdim edir:

“Silahlı Qüvvələr Günündə  Ali Baş Komandanın Azərbaycan Ordusunun şəxsi heyətinin nümayəndələri ilə görüşü böyük bir rəmzi məna daşıyır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandannın rəhbərliyi ilə müqəddəs haqq işini layiqincə yerinə yetirdi, vətən torpaqlarını işğaldan azad etdi, tarixi ədalət və beynəlxalq hüququ bərpa etdi və regionda tamamilə yeni mənzərə, yeni reallıq yaratdı. Prezident İlham Əliyev görüş zamanı yaranmış yeni reallıqlarla, bölgənin gələcəyi və ermənistanda revanşist qüvvələrlə bağlı aydın mesajlar verdi. Ali Baş Komandan hərbiçilər qarşısında onsuz da 44 gün ərzində demək olar ki, məhv olmuş erməni ordusuna xəbərdarlıq etdi – hər hansı kiçik bir səhv olarsa ermənistan ordusu tamamilə məhv ediləcək. Eyni zamanda biz keçmişi unutmuruq, bundan nəticə çıxarırıq, regionun gələcəyi baxımından isə əməkdaşlığa hazırıq.

Düşünürəm ki,  müstəqilliyi onsuz da formal xarakter daşıyan və müharibədə məğlub olaraq daha pis vəziyyətə düşən Ermənistan bundan sonra atacağı addımlara diqqət etməli və ilk növbədə qonşuları ilə olan münasibətə xüsusi diqqət etməli, indiyə qədər olan bütün iddialarını kənara qoymalıdır. Azərbaycan iqtisadiyyatı bütövlükdə Cənubi Qafqaz iqtisadiyyatının böyük bir hissəsini təşkil edir. Bölgədə həyata keçirilən qlobal iqtisadi layihələr Azərbaycanın razılığı və dəstəyi ilə həyata keçirilir. Ermənistan da yaxşı başa düşməlidir ki, əməkdaşlıq məhv olmuş erməni iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyır. Diaspor pulları və ianələr hesabına dövlət kimi yaşamaq mümkün deyil.

Prezident eyni zamanda Ermənistan havadarlarına və ikili standartlarla Azərbaycana qarşı riyakar münasibət göstərən qüvvələrə də açıq mesaj verdi – Azərbaycan haqq işinin müdafiəsini bundan sonrakı dövrdə də həyata keçirəcək. Aparılan düzgün xarici siyasət nəticəsində Azərbaycanın mövqeləri kifayət qədər güclənib, beynəlxalq təşkilatlarda nüfuzumuz artıb, dostlarımız çoxalıb. Biz bunu müharibə zamanı haqq işimizi qoruyan dövlətlərin timsalında gördük. Birinci Qarabağ müharibəsi zamanı ərazi işğalına məruz qalan Azərbaycan eyni zamanda bir çox dövlətlərin və bəzi təşkilatların qərəzli münasibətilə üz-üzə qalırdı. İkinci Qarabağ müharibəsi zamanı da belə cəhdlər olsa da güclü Azərbaycan dövləti və onun rəhbəri bütün təzyiq cəhdlərinin qarşını aldı, ədalətli mövqemiz hər kəs tərəfindən qəbul edildi.

Ali Baş Komandan eyni zamanda bundan sonrakı dövrdə ordumuzun daha da güclənməsi baxımından işlərin davam etdiriləcəyini bildirdi. Ordu hər bir dövlətin təhlükəsizliyinin təminatçısıdır. Düşünürəm ki, cənab Prezidentin regionun ən güclü ordusu olan Azərbaycan Ordusunun bundan sonrakı dövrdə də gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar bir daha düşmənimizə açıq xəbərdarlıqdır. Yəqin ki, onlar bundan düzgün nəticə çıxaracaqlar”.