Şahin İsmayılov: erməni vəhşilərinin məhv etdiyi ərazilərimiz turizm cənnətinə dönəcəkdirbackend

Azərbaycan növbəti dəfə böyük idman yarışlarına ev sahibliyi etmək ərəfəsindədir. Qarşıda bizi Formula 1 üzrə Azərbaycan Qran-Prisi və Futbol üzrə Avropa çempionatının 4 oyunu gözləyir. Ölkəmizin böyük tədbirlərə, o cümlədən, idman yarışlarına ənənəvi və yüksək səviyyəli ev sahibliyi etmək ənənəsini nəzərə alsaq burada qeyri-adi heç bir hal görmərik.

Bu sözləri Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov ölkəmizdə keçirilən mötəbər idman yarışları ilə bağlı fikir bildirərkən deyib.

“Düşünürəm ki, bu dəfə biz məsələlərə başqa prizmadan yanaşmalıyıq. Əvvəla, COVİD-19 pandemiyası. Düzdür dünya üzrə vaksinasiya prosesi sürətlənir və yoluxmaların sayında azalma müşahidə olunur. Lakin hər ölkədə müsbət tendensiya hiss olunmur və hələ də kritik vəziyyətin davam etdiyi dövlətlər var. Yalnız pandemiyaya qarşı düzgün strategiya qurmuş ölkələr vəziyyətə nəzarət edə bilir. Pandemiya səbəbindən bir sıra ölkələrdə keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər və idman yarışları ləğv olunub. Ölkəmizdə keçirilməsi nəzərdə tutulan yarışların keçirilməsi isə birbaşa “COVİD-19″a qarşı düzgün addımların atılmasının göstəricisidir. Bundan başqa və ən əsası Vətən müharibəsi. Beynəlxalq yarışların təşkili zamanı təşkilatçılar qarşısında duran ən böyük sual təhlükəsizliklə bağlı olur. Vətən müharibəsinin bitməsindən az vaxt keçməsinə baxmayaraq Azərbaycan qarşısında təhlükəsizliklə bağlı hər hansı bir sual çıxmayıb. Azərbaycanda yarışın keçirilməsinə məsul olan qurumlar ötən illərdəki kimi yenə də yüksək peşəkarlıq göstərirlər. Ölkəmiz etibarlı tərəfdaş kimi nüfuzunu qoruyur. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə eyni zamanda yeni turizm imkanları yarandı. Hər bir azərbaycanlı əmindir ki, işğaldan azad olunmuş ərazilərdə ən qısa vaxt ərzində infrastruktur, o cümlədən, turizm infrastrukturu qurulacaq. Erməni vəhşilərinin məhv etdiyi ərazilərimiz turizm cənnətinə dönəcəkdir. Yüz milyonlara izləyicisi olan bu tip beynəlxalq yarışlar isə təbii ki, həmin ərazilərin qısa zamanda Azərbaycanın yeni turzim mərkəzi kimi tanınmasına yardımçı olacaq” – deyə o, qeyd edib.